22 noyabr 2024 08:26
66

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

Keçmiş Qarabağ problemi dünyanın uzun sürən münaqişələrindən biri idi. Azərbaycanın məsələyə səbirlə yanaşaraq danışıqlar, müzakirələr tərəfdarı olmasını təəssüf ki, Ermənistan tərəfi düzgün qiymətləndirmədi. Xaricdə bəzi havadarlarına arxalanaraq təxminən 27 il beynəlxalq qərarlara laqeydlik göstərdi. Müxtəlif vaxtlarda hətta dinc sakinlərimizi belə hədəf almaqdan çəkinmədilər. Azərbaycanın 20 faiz torpaqlarının işğalı, 1 milyon əhalisinin köçkünlük həyatı yaşaması, mülkü əhalinin atəşə tutulması, itkilər verilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı cəza tədbiri görülmədi. 44 günlük Vətən müharibəsi haqqın bərqərar olduğu, günahsız insanların qisasının alındığı, dədə-baba yurdundan didərgin düşmüş əhalinin torpağına qovuşduğu tarixi hadisədir.

Hər bir azərbaycanlının qəlbində 30 illik Qarabağ həsrəti, acısı sağalmaz yara kimi iz   qoymuşdur. Ali Baş Komandanın düzgün siyasəti və Müzəffər Ordumuzun peşəkarlığı, fədakarlığı sayəsində həmin problem həllini tapmışdır. 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğala son qoyulmuş və Azərbaycan Ordusunun gücü qarşısında dayana bilməyən Ermənistan höküməti məğlubiyyətini etiraf etməyə məcbur qalmışdır. 27 sentyabrdan “Dəmir yumruq” əməliyyatı adı ilə başlayan Vətən müharibəsi 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə dayandırıldı. Bu bəyanatda Ermənistan höküməti məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atdı və Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən, döyüşsüz Azərbaycana qaytardı.

Bugünkü Zəfərimizin möhtəşəmliyini, yaşatdığı məğrurluğu göstərmək üçün 27 il əvvələ boylanaraq ölkəmizin yaşadığı çətin anları xatırlayaq. Siyasi səriştəsizlik nəticəsində alınmaz qala sayılan Şuşamız ermənilərin nəzarətinə keçməsi Kəlbəcər rayonunun sakinlərinə təhlükəni artırdı. Əhalinin və müdafiə dəstələrinin mübarizəsinə baxmayaraq, çətin relyefə malik Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edildi. Ermənistan Qarabağ münaqişəsində yalnız azərbaycanlıları dədə-baba torpaqlarından didərgin salması ilə deyil, dağıdıcılığı, vəhşiliyilə diqqət çəkir. Xocalı soyqırımı ermənilərin nə qədər insanlığa sığmayan vəhşi xislətə sahib olduqlarını hər kəsə göstərdi. Ölkə idarəetməsində səriştəsizlik mülki əhalini uşağa, qadına, qocaya belə rəhm etməyən düşmənlə üz-üzə qoymuşdu. Şahidlərin söhbətlərindən ölümü əsir düşməkdən üstün tutan neçə-neçə həyatlara faciə ilə son qoyulduğu aydın olur. Bu gün həmin acı günlərin şahidi kəlbəcərlinin danışdıqları əhvalatlar, insanların ümidsizliyi və çarəsizliyi dəhşətli yaşananlardan xəbər verir.   

   Kəlbəcər gözəl təbiətə, maddi və mədəni sərvətə, tarixi abidələrə malik ən yüksək dağ rayonudur. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. Rayon su ehtiyatı və  meşələrilə zəngindir. Bu füsünkar məkan azərbaycanlıların əsrlərlə yaşadığı dədə-baba yurdudur. Erməni işğalçılıq siyasətinin istiqamətlərindən biri məskunlaşmadır. Sanki bununla həmin ərazilərin özlərinin olmalarını dünyaya göstərəcəklər. Onlar Kəlbəcərə müxtəlif yerlərdən erməniləri köçürmüşdülər. Üçtərəfli müqavilənin şərtinə əsasən, Kəlbəcər 15 noyabrda qaytarılmalı idi. Lakin azərbaycanlıların evində qanunsuz şəkildə məskunlaşmış ermənilərin köçürülməsi üçün Azərbaycan tərəfdən əlavə on gün vaxt istənildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni tərəfi eybəcər simasını və barbarlığını, erməni vandalizmini növbəti dəfə nümayişi etdirdi. Hər zaman olduğu üçün Azərbaycan yenə də dözümlülük nümayiş etdirərək razılaşdı. Bu səbəbdən də, Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi.  Bu, siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsidir.

   Əvvəl ermənilər dünya mətbuatı qarşısında utanmadan buranın 20-25 illik “sakinlikləri” olduqlarını əsas tutaraq tərk etmək istimədiklərini bildirdilər. Halbuki, 1993-cü ildə azərbaycanlılara heç bir mərhəmət göstərmədən dədə-baba yurdlarından, evlərindən didərgin salmışdılar, vəhşicəsinə qətlə yetirmişdilər.  Bu göz yaşlarının işə yaramadığını görərək əsl xislətlərini ortaya qordular. Onlar Kəlbəcərdən köçərkən sökə bildikləri materialları və heyvanları özlərilə apardılar, apara bilmədikləri heyvanları öldürdülər, azərbaycanlıların tikdikləri evləri özlərinin olduğunu “əsas gətirərək” yandırdılar. Hətta meşələrdə ağacları ya kəsib apardılar, yada yandıraraq ekoloji ziyan vurdular. Dünya mətbuatının gözü qarşısında baş verən bu hadisələr bir daha erməni mənfurluğunu, nümayiş etdirdi.

30 il ərzində Azərbaycan tərəfi bütün haqsızlığa səbirlə dözdü. Qarabağ münaqişəsi siyasi masada deyil, hərb yolu ilə həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qələbə xəbərini xalqa verərkən qeyd etmişdir: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

Azad olunmuş ərazilərdən olan Kəlbəcərdə də  tikinti-quruculuq işləri  aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 02 sentyabr 2024-cü ildə Kəlbəcər rayonuna səfəri zamanı Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında, Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında, Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak etmişlər. Dövlətimizin Başçısı  Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini, Kəlbəcər şəhərində inzibati binanın təməlini, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Şanlı Zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.                                                                                             

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri