22 noyabr 2024 12:55
106

“Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” - Yaşıl Zonada tədbir

Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” adlı tədbir keçirilib.

Hökumət nümayəndələri, beynəlxalq təşkilat, akademik dairə və aparıcı beyin mərkəzlərindən olan iştirakçılar Azərbaycanın iqlim liderliyi sahəsində uzunmüddətli və davamlı bir miras yaratması üçün mövcud olan imkanlar barədə müzakirələr aparıblar.

Tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri araşdırılıb.

Tədbir Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə baş tutub. Panel müzakirəsində çıxış edənlər - Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra, BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayıblar. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.

Müzakirələrdə Azərbaycanın ev sahibliyindən necə faydalandığını, yaşıl keçidi sürətləndirmək, qlobal tərəfdaşlıqlarını gücləndirmək və iqlimə dayanıqlılığını artırmaq məqsədilə öz rolunu necə istifadə etdiyindən bəhs olunub. Həmçinin Azərbaycanın əsas təşəbbüsləri təqdim edilib, o cümlədən korporativ ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) sahəsindəki irəliləyişlər, bərpa olunan enerji və innovasiya sahələrindəki investisiyalar və dayanıqlı, eyni zamanda aşağı karbonlu gələcək qurmağa yönəlmiş siyasət dəyişiklikləri müzakirə olunub.

Orxan Vahidoğlu, “İki sahil”