22 noyabr 2024 13:05
103

Təqdim edilən təşəbbüslər COP29-un irsi olacaq və gələcəyə daşıyacaq - Markos Neto

“Mən çox təşəkkür edirəm və burada olduğunuz üçün hər kəsə minnətdaram. COP-un son günündə burada olmaq, İqlim Dəyişiklikləri Katibliyi tərəfindən bir az baxış paylaşmaq imkanı qazanmaq çox gözəldir. Çoxları COP29-u sadəcə bir görüş kimi görür, amma bu, tamamilə yanlış təsəvvürdür, çünki biz son iki həftə ərzində burada azı 8000 tədbir təşkil etmişik. Bunların təxminən 2500-ü sırf danışıqlar görüşləridir, qalanları isə yan tədbirlər, təşəbbüslərin təqdimatı, BMT tədbirləri, Prezidentlik tədbirləri və s. Mən yalnız mavi zonada baş verən tədbirləri nəzərə alıram, yaşıl zonadakılar burada daxil deyil.”

Bu fikirləri BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” adlı keçirilən tədbirdə bildirib.

Markos Neto məlumat verib ki, bu günə qədər COP-da 77 mindən çox insan qeydiyyatdan keçib, təxminən 55 mini isə öz nişanlarını götürüb: “Bu, normaldır, adətən qeydiyyatdan keçənlərin 70%-i COP-a qatılır, amma bu, çox böyük tədbirdir. COP29 deməkdir ki, bundan əvvəl COP1-dən COP28-ə qədər tədbirlər keçirilib və bu, artıq 29-cu dəfə təşkil olunur. Bu, ikinci ən böyük COP-dur. Buradan Azərbaycan hökumətinə və COP29-un əla rəhbərlik komandasına dərin təşəkkürümü bildirmək istəyirəm ki, bunu rekord müddətdə təşkil ediblər. Adətən, COP-a ev sahibliyi edən ölkələr bunu üçün 2-3 il əvvəlcədən bilirlər və hazırlıq üçün kifayət qədər vaxtları olur. Amma burada, Azərbaycanda cəmi 10 ay vaxt var idi. Bu, inanılmaz bir uğurdur. Digər tərəfdən, səmimi desək, qəribə bir vəziyyət də var. Bu 8000 tədbirin, xüsusən danışıqlar xaricindəki 5500 tədbirin hamısı mavi zonada keçir. Amma, əgər mavi zona nişanınız yoxdursa, orada iştirak edə bilmirsiniz. Bu, elə bil ona bənzəyir ki,muzey tikirsən ,amma qapıları bağlayırsan və heç kim ora daxil ola bilmir. Bu, əlbəttə ki, yaxşı deyil, çünki ictimaiyyət üçün bu tədbirlərə çıxış imkanlarını artırmaq lazımdır. Ümid edirəm ki, gələcəkdə buna daha ciddi yanaşılacaq.”

BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru vurğulayıb ki, hökumətlərarası bütün təşkilatların mərkəzində 198 tərəf və 4000 müşahidəçi təşkilat var: “Bizim məqsədimiz bu 198 tərəfin hamısının razılaşacağı bir razılıq əldə etməkdir. Əgər biri “mən bunu bəyənmirəm” deyərsə, o bir nəfər qalib gəlir. Bu, qərarların yalnız hər kəs razılaşdıqda qəbul olunması deməkdir. Bu da prosesin çox yavaş və çətin olmasının səbəblərindən biridir. Ancaq unutmayın ki, danışıqlar prinsiplər haqqında gedir. Dünya necə görünməlidir? İqtisadi sistem necə olmalıdır? Beynəlxalq əməkdaşlıq necə olmalıdır? Əsl iqlim fəaliyyətləri isə hər bir ölkənin və hökumətin üzərinə düşür. Burada çoxlu sayda əla təşəbbüslər irəli sürülüb. Hökumətlərarası danışıqlarda COP29-un uğurlu olub-olmadığı hələ məlum deyil. Yeni bir danışıqlar mətninin bu gün yayımlandığını güman edirəm. Bütün tərəflər onu nəzərdən keçirməlidir, müzakirələr olacaq, düzəlişlər ediləcək. Mənim şəxsi fikrimcə, işlər sabaha qədər, bəlkə də ən pis halda daha uzun müddət davam edə bilər. Amma ümid edirik ki, bu gün bitirəcəyik.”

Markos Neto sonda bildirib ki, son altı ay ərzində mən Azərbaycanda Prezidentliklə işləmək şərəfinə malik olmuşam: “Azərbaycanlı həmkarlarımla birlikdə bu tədbirin uğurlu keçməsi üçün çalışmışam. Digər panel iştirakçıları daha çox məlumat verəcəklər.Burada, COP29-da xeyriyyəçilik, su, turizm, enerji, süni intellekt və s. kimi mövzularda çox mühüm yeni təşəbbüslər təqdim edilib. Bu təşəbbüslər COP29-un irsi olacaq və gələcəyə daşıyacaq. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçündür. Bundan əlavə,həmkarlarım da BMT-nin Azərbaycandakı əməkdaşları, təhsildə, iqtisadi inkişafda, sağlamlıqda və digər sahələrdə işlərinə güclü dəstək olduğunu vurğulayıblar. Bunların hamısı müxtəlif yollarla iqlim dəyişikliyi ilə bağlıdır və COP-un burada keçirilməsi artıq bu sahələrdə müsbət təsir göstərib. Məncə, bu COP29-a yüksək qiymət vermək olar.”

Orxan Vahidoğlu, “İki sahil”