22 noyabr 2024 13:15
94

COP29 çərçivəsində İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirilib

COP29 çərçivəsində Yaşıl Zona pavilyonunda XIX-XX əsrlərdə İrəvandakı Azərbaycan irsinin transformasiyası mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin əsas məruzəçisi tanınmış tədqiqatçı və teleaparıcı Fuad Axundov çıxışında İrəvan xanlığının tarixi, onun strateji əhəmiyyəti və sonrakı dövrlərdə mədəni irsin dəyişdirilməsi proseslərinə dair faktları təqdim edib. O vurğulayıb ki, İrəvan xanlığı çar Rusiyası tərəfindən 1827-ci ildə - üç cəhddən sonra işğal olunmuş yeganə xanlıq idi. Bu işğal çar imperiyasının artilleriya qoşunlarının böyük üstünlüyü sayəsində həyata keçirildi.

Məruzədə qeyd edilib ki, işğaldan sonra çar imperiyası İrəvan xanlığının ərazisinə erməni əhalinin məqsədli şəkildə kütləvi köçürülməsinə başlayıb. Bu, bölgədə demoqrafik tarazlığı dəyişmək və erməni əhalisinin dominantlığını təmin etmək məqsədi daşıyırdı.

O, İrəvanın memarlıq, mədəniyyət abidələri və toponimləri baxımından Azərbaycan irsinə aid xüsusiyyətlərinin sistemli şəkildə dəyişdirildiyini sübut edən faktları təqdim edib.

Bu tədbir İrəvan xanlığının Azərbaycan mədəniyyətindəki yerini və tarixi transformasiyasını geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edib.