22 noyabr 2024 15:57
132

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

İstanbul Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü olub.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçinin Birgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub.

“Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının cari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Macarıstan arasında enerji üzrə İşçi Qrupunun fəaliyyətinə də toxunulub və növbəti iclasın 2025-ci ildə keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və yaşıl enerji keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.