İqlim maliyyələşdirilməsi karbon emissiyaları azaldılmadan işləmir, emissiyaların azaldılması isə iqlim maliyyəsi tələb edir.
“İki sahil” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“COP29-un ilk növbədə maliyyə konfransı olduğu lap əvvəldən aydın idi. Əsas mövzular iqlim normaları çərçivəsində 2035-ci ilə qədər həyata keçirilməli olan adaptasiya tədbirləri, zərər və itkilər də daxil olmaqla, böyük iqlim problemlərinin öhdəsindən necə gələ biləcəyimizlə bağlıdır”, - o bildirib.
Almaniyalı nazir vurğulayıb ki, karbon qazı tullantılarını azaltmadan iqlimin maliyyələşdirilməsi effektiv olmayacaq. "Qlobal istiləşməni 1,5 dərəcədən aşağı həddə saxlamaq hədəfinə tez bir zamanda yaxınlaşmasaq, dünyaya dəymiş ziyanı ödəyə bilməyəcəyik. Qlobal istiləşmə dərəcəsinin hər onda biri zərəri getdikcə bahalaşdırır. Məhz buna görə Avropa nümayəndə heyətinə Dubayda iqlim dəyişikliyinin təsirinin yumşaldılması məsələlərində əldə edilmiş irəliləyişləri qeydə almaq və onlardan iqlim maliyyələşdirilməsinin daha da inkişaf etdirilməsi üçün istifadə etmək vacib idi”, - o qeyd edib.
A.Berbok həmçinin beynəlxalq ictimaiyyətin iqlim problemlərini həll etmək və itkiləri minimuma endirmək üçün birgə fəaliyyətinin vacibliyini vurğulayıb.