Ölkəmiz uğurla keçirilən COP29 kimi qlobal tədbirlə dünyaya yenilənən qüdrətini və gücünü göstərdi
Paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyası ( COP29) başa çatmaq üzrədir. Azərbaycan belə bir möhtəşəm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirdi. Bununla da ölkəmiz dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirməyə nail oldu. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal tədbir kimi tarixə düşdü.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı hərbi- siyasi üçtünlük həm də qlobal səviyyədə etiraf olundu. COPkimi əzəmətli tədbir keçirmək hər dövlət, xüsusilə də Azərbaycan kimi kiçik bir ölkə üçün o qədər də asan görünmürdü. Amma biz bacardıq. Dünyaya, böyük dövlətlərə hansı qüdrətə sahib olduğumuzu göstərdik. Həm də biz bu mötəbər tədbiri keçirməklə dünyaya səsləndik ki, gəlin, müharibələrə son verək, ana təbiətin fəryadına diqqət kəsilək, onun harayına çataq!
COP29-un uğurla başa çatması artıq Azərbaycan dövlətinin qarşısında yeni prioritetlər açıb. Bu Cənubi Qaqazın sülh və əmin-amanlıq bölgəsinə çevrilməsidir. Ümumiyyətlə, Cənubi Qafqaz regionu həmişə özünün gərginliyi ilə seçilib. Çünki müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik xəritəsini cızdı.
Uzaq olmayan tarixdən də məlumdur ki, Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi. Ötən 17 ildə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bizim bu çağırışlarımıza diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradırdılar.
Təbii ki, Prezident İlham Əliyev nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi və belə də oldu. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını alınmaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına başlandı və 44 gün ərzində erməni işğalının nəticələri əhəmiyyətli dərəcədə aradan qaldırıldı. 2023-cü ilin sentyabrın 19-da isə birgünlük lokal antiterror tədbirləri nəticəsində terrorçu və separatçı xuntanın ləğvi gerçəkləşdirildi. Beləliklə, Azərbaycan Ordusu öz qüdrətini, Ali Baş Komandan İlham Əliyev isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi.
Bununla da Azərbaycan MDB məkanında öz ərazilərini məhz beynəlxalq normalara uyğun olaraq işğaldan azad edən, separatizmin kökünü kəsən ilk dövlət oldu. Nəticədə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Ən başlıcası isə Prezident İlham Əliyev dövlətin və xalqın məğlub obrazını da tamamilə dəyişdi. Bu gün artıq dünyada ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib Azərbaycan dövləti və qalib Azərbaycan xalqı var. Məhz güclü Azərbaycan haqlı olaraq postmüharibə dövründə Ermənistanı sülhə məcburetmə taktikası ilə küncə sıxışdırdı.
Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən və ərazi bütövlüyünü və suverenliyinin təmin etdikdən sonra bölgədə yeni reallıqlar formalaşdı. Artıq bu reallığı dəyişəcək güc mövcud deyil. Çünki burada şərtləri diktə edən bizik. Xüsusilə qürurverici haldır ki, Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə bütün milli maraqlarımızı inamla qorumağa imkan verir.
Bu gün Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik ocaqları yaratmağa çalışır. Lakin onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Ona görə ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində ölkəmizə qarşı qərəzli mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğrayıb. Prezidentimizin də vurğuladığı kimi, hazırda Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Bu güc anti-Azərbaycan qüvvələr üçün bir kabusdur. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü həm də dövlətimizin siyasi-diplomatik uğurlarının qarantı rolunda çıxış edir.
Ən diqqətçəkən digər önəmli hadisə isə odur ki, biz öz ərazilərimizdə antiterror tədbirlərini həyata keçirdikdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Təbii ki, bu amili Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu, Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük inam və etimadın göstəricisi idi. dir. Yəni, böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktordur.
Eyni zamanda, Prezident İlham Əliyev bütün geosiyasi hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Yəni bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Xüsusilə Ermənistan üzərindən ölkəmizə qarşı qurulan bütün təhlükəli oyunların qarşısı məharətlə alınır.
Elçin Zaman, «İki sahil»