25 noyabr 2024 15:26
171

Qrip bir həftədən çox davam edərsə... - DİQQƏT

Havalar soyuduqca qripə yoluxma halları da artır. Bəzi insanlar bu infeksiyalardan təxminən bir həftə ərzində sağalsa da, bəziləri xəstəliyi ağır keçirərək, xəstəxanaya yerləşdirilir. Qrip ağırlaşdıqda hətta ölümlə də nəticələnə bilər. Bəs qrip kimlər üçün daha risklidir?

Havaların soyuması nəticəsində temperaturun aşağı düşməsi qrip virusuna yoluxma hallarının da artmasına səbəb olur. Bir çox insanın immun sistemi təxminən bir həftə ərzində bu simptomları aradan qaldıra bilir. Amma immuniteti zəif olanlarda isə xəstəlik həftələrlə davam edir. Məsələn, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, bu ölkədə hər il təxminən 710 min insan qrip səbəbindən xəstəxanalarda müalicə olunursa, ölənlərin sayı 51 minə çatır.

CDC tərəfindən bu yaxınlarda dərc edilən bir hesabat bu mövzuda çox təəccüblü məlumatlar ortaya qoyub. 2010-2023-cü illər arasında ölkədə qriplə bağlı xəstəxanaya yerləşdirmələri araşdıran CDC mütəxəssisləri qripin daha riskli bir xəstəliyə çevrilməsinə səbəb olan amilləri müəyyən ediblər.

Mütəxəssislərin vurğuladığı əsas amillərdən biri yaşdır. Qrip səbəbindən xəstəxanaya yerləşdirilən xəstələr arasında uşaqların və yaşlı insanların sayı diqqət çəkir. Bunun səbəbi isə bu yaş qruplarında olan insanların immun sistemlərinin gənclərə nisbətən daha zəif olmasıdır.

Hər il “qrip mövsümü”ndə yayılan Tip A və Tip B adı verilən iki növ qrip virusu fərqlənir: 2010-cu ildən bəri ən çox xəstəxanaya yerləşdirilmə halları A tipli virusların üstünlük təşkil edib. Bu vəziyyət CDC hesabatında yaşlı insanların A tipli viruslardan biri olan H3N2-dən daha çox təsirlənməsi ilə izah olunur.

Epilepsiya, serebral iflic və diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu (DEHB) kimi nevroloji problemləri olan bəzi uşaqlar bu virusa yoluxduqları halda  əzələ və ağciyər funksiyalarının normal işləməsi baxımından çətinlik çəkə bilərlər. Öskürmə və ya tənəffüs yollarında yığılan mayelərin xaric edilməsində çətinlik yaradan bu vəziyyət qrip əlamətlərini pisləşdirə və ya xəstəliyi pnevmoniyaya çevirə bilər.

CDC-nin qiymətləndirmələrinə görə, 13 illik müddət ərzində qripə yoluxaraq xəstəxanaya yerləşdirilən reproduktiv yaşda olan qadınların təxminən 30 faizi hamilə olub. Tədqiqatlar göstərir ki, hamiləlik hormonları immunitet sistemini sıxır, xəstəliyin gedişatını ağırlaşdırır və xəstəxanaya yerləşdirmə nisbətlərini artırır. Üstəlik, hamiləlik zamanı qrip infeksiyaları ana bətnində olan döl üçün də bəzi risklər daşıyır.

Piylənmə həm uşaqlarda, həm də böyüklərdə qripi pisləşdirə bilən risk faktorudur. Mütəxəssislər bu vəziyyətin bir çox problemə səbəb ola biləcəyinə diqqət çəkirlər. Məsələn, Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Villiam Schaffner hesab edir ki, artıq çəki ağciyərlərdən infeksiyanı təmizləmək üçün lazım olan dərin nəfəsləri almağı çətinləşdirir.

Araşdırmaya görə, qripə görə xəstəxanaya yerləşdirilən insanların təxminən yarısında ürək xəstəliyi var. Şimal-Qərb Universiteti Tibb Məktəbinin kardioloqu Sadiya Khan, ürək-damar xəstəlikləri olan insanların əhəmiyyətli bir hissəsinin immun sistemi zəif yaşlı insanlar olduğunu deyib. Kardioloq onu da əlavə edib ki, qrip ürək-damar xəstəlikləri olan insanlarda infarkt və iflic riskini artırır.

Araşdırmaya əsasən müəyyən edilib ki, son iki qrip mövsümündə xəstəxanaya yerləşdirilən 18-49 yaşlı xəstələrin dörddə birində yüksək qan təzyiqi qeydə alınıb. 65 yaşdan yuxarı xəstələrdə bu nisbət dörddə üç olub. Yüksək qan təzyiqi damarların sərtləşməsinə və ya zədələnməsinə səbəb olur.

Qripə qarşı peyvəndlər uşaqlarda və böyüklərdə xəstəxanaya yerləşdirmə riskini əhəmiyyətli dərəcədə azaldır. Cənubi Amerikanın beş ölkəsindən əldə edilən məlumatların təhlili göstərir ki, peyvəndin bu il xəstəxanaya yerləşdirilmə nisbətlərini 34,5 faiz azaldıb.

Bununla belə, peyvənd olunsanız belə, nəfəs almaqda çətinlik və döş qəfəsində ağırlıq hissi kimi müdaxilə tələb edə biləcək əlamətlərə qarşı diqqətli olmaq faydalıdır. Mütəxəssislər məsləhət görürlər ki, qızdırma və ya öskürək kimi əlamətlər bir həftədən çox davam edərsə, tibb müəssisəsinə müraciət etmək lazımdır. Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Villiam Schaffner bildirib ki, peyvənd hər şeyi müalicə edən bir vasitə deyil. Bu, sadəcə olaraq xəstəxanada müalicəyə ehtiyacınız olma ehtimalını aşağı salır.

Vüsal Cahanov, “İki sahil”