Ölkəmizə qarşı başlatdıqları böhtan kampaniyası bumeranq effekti verdi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasnın uğurla başa çatması xristian təəssübkeşliyi ilə cilalanmış ermənipərəst qüvvələri ciddi şəkildə məyus edib. Çünki onlar bu qlobal tədbiri boykot etməyə çalışmaqla bölgənin ən güclü dövləti olan Azərbaycanın onların ədalətsiz mövqeyini qəbul etməsini istəyirdilər. Xüsusilə qarşılarındakı əsas hədəflərdən biri Azərbaycanı Ermənistanla öz mənafelərinə uyğun sülhə məcbur etmək, daha sonra Qarabağı könüllü şəkildə tərk etmiş erməniləri geri qaytarmaq idi. Məqsədləri bu vasitə ilə regionda yeni terrorizm və separatizm ocağını yaratmaqla bölgəyə soxulmaqdır. Eyni zamanda, Fransa başda olmaqla bəzi Avpora ölkələrinin istəyi xalqımıza qarşı hərbi cinayətlər törətdiklərinə görə Bakıda həbsxanada istintaq altında olan keçmiş separatçıların sərbəst buraxılmasına nail olmaq idi.
Bəs onlar bu rəzil hədəflərindən hansına nail ola bildilər? Təbii ki heç birinə… Əksinə, ölkəmizə qarşı başlatdıqları böhtan kampaniyası bumeranq effekti verərək, özlərinə qarşı çevrildi. Belə ki, çirkin ideoloji ssenarinin müəllifləri COP29-da iştirak etmək üçün dünyanın dörd tərəfindən Bakıya təşrif buyurmuş 75 mindən çox qonaqla yanaşı, tədbiri canlı izləyən milyardlarla tamaşaçının gözündə özlərini biabır etdilər. Bakı Sammitinin möhtəşəmliyi qarşısında aciz görünən Qərbin bu boykot rəzilliyi bumeranq effekti verdi. Tədbirə hazırlığın yüksək səviyyəsi, sammit iştirakçıları üçün yaradılan hərtərəfli şərait, ərtaf mühitin problemləri ilə bağlı Bakıdan dünyaya ünvanlanan həyəcanlı çağırışlar anti-Azərbaycan qüvvələrin vay-şivənini öz içində boğdu. Azərbaycan yenidən öz düşmənlərinə qarşı yumruğunu dyünlədi. Ancaq bu dəfə «yaşıl yumruğ»unu…
COP 29-un qloabal əhəmiyyətliliyi onun uğurlu nəticələri ilə yaddaşlarda qaldı. Xüsusilə bu nəticələr Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışında söylədiyi proqnozlarla tam üst-üstə düşdü. Bir sözlə, dövlətimizin başçısının qətiyyətli və cəsarətli siyasəti sayəsində Azərbaycan bədxahların hücumlarına dirəniş göstərdi, reallığın gerçək üzünü beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün zəruri addımları atdı. Nəticədə qərəzli kampaniya ifşa olundu, Azərbaycan beynəlxalq tədbirlərdə yeni uğura imza atmaqla nüfuzunu daha da yüksəltdi.
Təəssüf hissi ilə bildirməliyik ki, ermənipərəst düşərgəni himayə edənlərdən digəri isə ABŞ-dır. Xatırladaq ki, 2024-cü ilin aprelindən etibarən Avropa İttifaqı– Fransa–ABŞ birliyi rəsmi İrəvanı siyasi, hərbi və maliyyə cəhətdən dəstəkləməklə məşğuldur. Məlumdur ki, bizə qarşı aparılan bu hibrid təhdidlərin arxasında erməni diasporu və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır.
COP29 kimi qlobal tədbirin əsas məqsədi dünyanı bürüyən ekoloji problemləri müzakirə etməklə bərabər, həm də onun həlli yollarını tapmaq idi. Lakin bundan önəmlisi isə problemlərin həlli üçün irihəcmli maliyyə dəstəyini təmin etmək idi. Məhz Paris Sazişinin ən vacib maddəsi planetin üzləşdiyi iqlim problemlərinin aradan qaldırılması üçün maliyyə dəstəyinin verilməsidir. Bu dəstəyi isə dünyanın inkişaf etmiş dövətləri ayırmalıdır. BMT COP29-da Qərbdən 1 trilyon dollar gözlədiyi halda, bu düşərgə ortaya cəmi 300 milyard dollar qoya bildi. Həmin rəqəmi də qəsdən tədbirin sonuncu günü açıqladı ki, maliyyələşmə ilə bağlı əlavə müzakirələrə vaxt qalmasın. Bütün hallada 300 milyard dolların özü də Bakı İqlim Sammitinin ciddi uğurudur.
Burada haqlı sual yaranır: Axı yer planetinin havasını karbon qazı ilə daha çox zəhərləyən, bununla da qlobal iqlim fəlakətinə səbəb olan Qərb niyə bu məsuliyyətli işə məsuliyyətsiz yanaşır? Əslində, onların bu xaraktersizliyi yalnız ölkəmizə qarşı deyil, həm də ən ali şəkildə təmsil olunduqları BMT- yə qarşı hörmətsizlikdir.
Azərbaycan COP29 kimi qlobal sammitə ev sahibliyi etməklə beynəlxalq aləmə bir daha sübut etdi ki, Bakı bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır. Eyni zamanda Bakı qlobal tədbirləri yüksək səviyyədə təşkil edən və zəruri nəticələrin əldə olunmasına dəyərli töhfələr verməyi bacaran abad və müasir paytaxtdır. İndi bir çox inkişaf etmiş ölkələrin paytaxtları bizim bu zəngin təcrübəmizdən və ənənəmizdən yararlanmağa çalışırlar.
Digər tərəfdən, bu uğurlarımız həm də dövlətimizin beynəlxalq məkandakı dostlarının əhatə dairəsini genişləndirdi, ölkəmizə və xalqımıza rəğbət bəsləyənlərin sayını daha da artırdı. Ən başlıcası isə COP29-dan sonra bir daha dostlarımızı və düşmənlərimızı daha yaxından tanımağımıza imkan yarandı.
Elçin Zaman, «İki sahil»