Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
3 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etmiş və tamamilə yandırmışlar.Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınmışdır. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olmuşlar.
Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) sığındıqları yerdə qəsdən öldürülmüşdür.
Kəlbəcər rayonu ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi.
Ermənilər Kəlbəcərə dünya şöhrəti qazandırmış İstisu bulaqlarını, qiymətli ağaclardan ibarət meşələri tar-mar edirdilər.
Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu.
İradə Seyidova,
257 nömrəli tam orta məktəbin müəllimi