27 noyabr 2024 00:57
79

Havadarları Ermənistanın təzminat ödəməyə imkanı olmadığını deyirlər

Necə olur ki, Hayastan  Sülh Fondunun,  Aİ-nin,  ABŞ-ın ayırdığı yüz milyonlarla pulu silahlanmaya  xərcləyir, amma ölkəmizə vurduğu ziyanı ödəməyə pul tapmır?

Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycana dəyən maddi və mənəvi ziyan 100 milyardlarla manat həcmində ölçülür.  İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan dövləti bu barədə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi qarşısına hədəf qoyub. Xüsusilə Qarabağda törədilən Xocalı, Meşəli və Qaradağlı, Ağdaban, Başlıbel soyqırımlarına görə, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serjik Sakisyan layiqli cəzalarını almaları üçün artıq düymə basılıb.

Ümumiyyətlə, tarixdə belə təcrübələr mövcuddur.  Belə ki, İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə təzminat yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar təzminat məhsulu kimi olaraq SSRİ-yə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Həmçinin İkinci Dünya müharibəsi zamanı faşist Almaniyası yəhudilərin  soyqırımında  günahlandırılaraq İsrailə indiyədək 70 milyard dollaradək təzminat ödəyib. Uqanda 1998-2003-cü illərdəki işğala və yerli sakinlərin ölümünə görə Konqoya 325 milyon dollar təzminat ödəyəcək. Bu barədə qərarı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib. Uqanda məhkəmənin qərarı ilə İturi bölgəsinin şərq hissəsində 10-15 min insanın ölümünə görə məsuliyyət daşıyır. İraq isə daha əvvəl Küveytin işğalı üçün 50 milyard dollardan çox kompensasiya ödəyib.

Prezident İlham Əliyev Ermənistanın bu vandallığı nəticəsində Azərbaycana vurulan zərərin hesablandığını, beynəlxalq təşkilatlar, məsləhətçilər cəlb olunmaqla qiymətləndirmələrin aparılacağını və təcavüzkar dövlətə qarşı təzminat davasının açılacağını bəyan edib və artıq bu istiqamətdə işlər aparılır. Təbii ki, ölkəmizə dəyən xeyli maddi ziyanı həm yerli, həm beynəlxalq ekspertlər də təsdiqləyirlər. Xarici ekspertlərin fikrincə, bu rəqəm təxminən 50 milyard dollardır. Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan  da bildirib ki, ermənilər Azərbaycana vurduqları ziyana görə 50 milyard dollar ödəməli olacaqlar. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-clin noyabrın 10-da imzaladığı təslimçi Bəyanat buna hüquqi əsas yaradır. 

Bizim mütəxəssislərimiz isə təzminatın həcminin  500 milyard dollar olduğunu deyirlər. Sənəddə təkcə dağıdılmış infrastruktur, binalar, evlər deyil, həm də 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır. Azərbaycanlı mütəxəsislərin hesablamalarına görə, işğaldan əvvəl  Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i və baramanın 17%-i Ermənistanın işğalına məruz qalmış ərazilərimizin payına düşürdü. Bu illərdə 185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalıb. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub. Rəqəmlərə diqqət edin: işğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib. Qarabağ hadisələri başlayandan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülüb və 50 000 insan yaralanıb və ya əlil olub. 4 minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkindir. 1 milyondan artıq həmvətənimiz – Ermənistandan didərgin düşən soydaşlarımız daxil – mülkiyyət hüququndan məhrum edilib, ağır məhrumiyyətlərə düçar edilib. Təkcə Xocalı, Malıbəyli, Ağdaban, Başlıbel, Meşəlidəki soyqırımların təzminatı üçün yüz milyardlar belə azdır.

Bir sözlə, Ermənistan təzminat məsələsindən yayına bilməz, bunu beynəlxalq hüquq da tələb edir. Lakin həmişə belə olub ki, beynəlxalq hüquq təşkilatları ölkəmizin haqlı tələblərinə laqeyd münasibət bəsləyiblər. Biz bunu Qarabağın 30 illik işğalında şahid olduq. Amma artıq güclü və qalib Azərbaycan var və onun haqlı tələblərinə ciddi və ədalətli yanaşmanın zamanıdır. Yəni, birmənalı olaraq suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı.

Ermənistanı himayə edən ölkələr haqsız olaraq bildirirlər ki,  Ermənistanın Azərbaycana böyük miqdarda təzminat ödəmək imkanı yoxdur. Axı necə olur ki, Sülh Fondunun, Avropa İttifaqının, (Aİ)  ABŞ-ın ayırdığı onyüz milyonlarla pulu  Ermənistan yenidən silahlanmaya xərcləyir, amma Azərbaycana vurduğu ziyanı ödəməyə pul tapmır?

Bəli, döyüş meydanında dəmi yumruqla susudurulan Ermənistan və onun havavdarları beynəlxalq hüquq müstəvisində də məğlubiyyətə uğrayacaq. Bunun üçün geniş imkanlara, xüsusilədə zəngin faktlara sahibik. Bundan başqa, ən tutarlı cavabımız belə ola bilər ki, təzminat ödməyə  maliyyə vəsaiti yoxdursa, onda Azərbaycanın tarixi əraziləri olan Qərbi Zəngəzuru qaytarsınlar. Yaxud  Qarabağdakı qiymətli yataqlarımızı, Zod qızılını qanunsuz istismar etməsinin əvəzində Qafan şəhərinin 30 km-liyindəki Zəngəzur Mis-Molibden Kombinatını, Qafandakı dağ-mədən kombinatını Azərbaycana təhvil versinlər. Halbuki işğal illərində Ermənistan  ölkəmizlə sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq «GeoProMining» şirkətinin tam istismarına vermişdi. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə işğalçı ölkə yüz milyonlarla dollar qazanıb.

Elçin Zaman, «İki sahil»