27 noyabr 2024 08:23
79

Astanada Qazaxıstanın COP29 iqlim sammitində iştirakının nəticələrinə yekun vurulub

“Bakıda keçirilən COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirəsi və birgə həllərin işlənib hazırlanması üçün mühüm platformaya çevrilib”.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin İdarə Heyətinin sədr müavini Bekejan Jakeyev bildirib.

Astanada “BMT-nin əsas iqlim sammitinin nəticələri - COP29” mövzusunda keçirilən mətbuat konfransında o, Qazaxıstanın konfransda fəal iştirak etdiyini bildirib. Ölkə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafa keçid sahəsində öz təşəbbüslərini və nailiyyətlərini təqdim edib.

“COP29-un hazırlanması və keçirilməsi çərçivəsində Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi “Qazaxıstan” pavilyonunun işini əlaqələndirib və onun informasiya məzmununu təmin edib. O, iqlim gündəliyinin əsas aspektləri üzrə bir sıra tədbirlər, təqdimatlar və müzakirələrin keçirilməsi üçün platformaya çevrilib”, - deyə o bildirib.

Bekejan Jakeyev qeyd edib ki, pavilyonda Qazaxıstan iqtisadiyyatının karbonsuzlaşdırılması sahəsində təşəbbüslər, o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, sənayenin modernləşdirilməsi və 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq planları təqdim olunub.

Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Siyasəti Departamentinin iqlim dəyişikliyinə uyğunlaşma şöbəsinin müdiri Şattık Tastemirova bildirib ki, “Qazaxıstan” pavilyonunda beynəlxalq tərəfdaşların iştirakı ilə 33 tematik sessiya keçirilib.

O, vurğulayıb ki, COP29-un nəticələrinə əsasən, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar vəsait ayrılması qərara alınıb.

Mətbuat konfransında çıxış edənlər COP29-da iştirakla bağlı təcrübələrindən danışıblar. Onlar Qazaxıstanın təqdim etdiyi təşəbbüsləri bölüşüb, beynəlxalq tərəfdaşlarla fəal qarşılıqlı əlaqəni və milli pavilyonda tematik tədbirlərin təşkilini vurğulayıblar.

Qeyd edək ki, Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilat olmaqla, Qazaxıstanda “yaşıl” layihələrin inkişafı üçün uzunmüddətli bazanın formalaşdırılması üzərində fəal işləyir.