27 noyabr 2024 10:33
91

Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirir

İqlim dəyişikliyinə həsr olunmuş tədbirlərin ən mühümü hər il keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı (COP) hesab edilir. Bu tədbirlər dünyanın gələcəyi üçün kritik qərarların qəbul edildiyi və siyasi, iqtisadi, ekoloji dialoqun mərkəzində duran platformadır. İqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı kimi dəyərləndirilən COP29 uğurla başa çatdı. Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29 isə bundan öncəki konfranslardan qlobal əhəmiyyəti və əldə olunmuş nəticələr baxımından müsbət mənada xeyli fərqli oldu. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tarixi və qiyməti fikri iki həftə ərzində Bakıda keçirilən tədbirdə bir daha təsdiqini tapdı.  COP29 sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda yeni tarixi bir addım oldu. Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız müşahidəçi deyil, qlobal çağırışlara cavab verən lider olduğunu bütün dünyaya nümayiş etdirdi.

Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. Ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan ölkəmiz tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri həyata keçirdi. Cənab İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın bugünədək ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin movcudluğudur.

Həmçinin uğurla başa çatan COP29 tədbiri dünya diplomatiya tarixinə də ölkəmizin adını yazdı. İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olarıq. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır.

Azərbaycan, iqlim böhranı ilə mübarizə aparan ölkələr arasında unikal bir mövqeyə malikdir. Neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, ölkəmiz son illərdə alternativ enerji mənbələrinə keçidi sürətləndirməkdə davam edir.  COP29 zamanı təqdim olunan rəqəmlər və təşəbbüslər bunu bir daha sübut edir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” kimi təsdiqlənmiş 2024-cü ilin sonuna qədər Azərbaycan enerji istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırır. İqlim dəyişiklikləri ilə mübarizə üzrə 5 illik milli strategiya təsdiqlənib. Xəzər dənizi ətrafında 10 yeni külək elektrik stansiyasının tikintisi planlaşdırılır.Bütün bunlar Azərbaycanı təkcə öz daxilindəki və ya Cənubi Qafqaz regionundakı deyil, bütövlükdə bəşəri sayılan mövcud qlobal problemlərin həlli ətrafında beynəlxalq dialoqun mərkəzi oyunçusuna  çevirib. Prezident İlham Əliyevin ekoloji təhlükələrə qarşı mübarizə ilə bağlı fikirlərində və bu tədbirdəki çıxışlarında iqlim məsələlərinə dair vurğulanan əsas məqamlar, beynəlxalq əməkdaşlığın vacibliyinin önə çəkilməsi bu sahədə dünyanın aparıcı mütəxəssisləri arasında geniş müzakirə mövzusudur.

Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub. Həmçinin, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) çərçivəsində COP-un İtki və Zərər Fondunun 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırılması hədəf kimi götürülüb ki, bu da maliyyə konfransı kimi tarixə düşən COP29-un ən böyük nailiyyətidir. Beləliklə, iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfə ölkənin beynəlxalq nüfuzunu artırdı.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri