Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərlərində 3,5 min ton itki olub, bu da illik müqayisədə 25% çoxdur.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,8 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 28 859,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,1% azdır. Nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21 681,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,34% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.