27 noyabr 2024 15:47
81

COP29: Azərbaycanın iqlim diplomatiyasında yeni mərhələ

Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün yekdil qərarla seçilməsi ölkəmiz üçün əlamətdar bir hadisədir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana və xüsusilə yaşıl enerji sahəsindəki fəaliyyətlərimizə yüksək dəyər verməsinin bariz göstəricisidir. Azərbaycanın bu sahədəki uğurları həm daxili, həm də qlobal səviyyədə əhəmiyyətli təsir göstərməkdədir.

Bakıda uğurla keçirilən COP29, qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu konfrans, yalnız qərarların qəbulu baxımından deyil, həm də yeni maliyyə mexanizmlərinin yaradılması baxımından önəmlidir. Azərbaycan, genişmiqyaslı böhtan və qarayaxma kampaniyalarına baxmayaraq, iqlim danışıqlarında tarixi nəticələr əldə etməklə dünya ictimaiyyətinin diqqətini çəkmişdi COP29 çərçivəsində müzakirə olunan ən mühüm məsələlərdən biri İtki və Zərər Fondunun tam işləklik qazanması idi. Bu fond, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən ölkələrə dəstək olmaq məqsədi daşıyır. Azərbaycanın bu sahədəki rolu isə bu prosesi sürətləndirmək üçün strateji əhəmiyyət kəsb edir.

Konfrans çərçivəsində müəyyən edilmiş ən mühüm nailiyyətlərdən biri Bakı Maliyyə Məqsədinin təsdiqi oldu. Bu məqsəd, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi təmin etməyi hədəfləyir. Belə bir maliyyə mexanizmi, xüsusilə dayanıqlı inkişafı dəstəkləmək və qlobal iqlim siyasətini gücləndirmək üçün əsas alət olacaqdır. Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi əsasında yaradılan yeni investisiya mexanizmləri, dünyanın inkişaf etməkdə olan bölgələri üçün əhəmiyyətli resurslar təmin edəcəkdir. Bu təşəbbüs, Azərbaycanın beynəlxalq arenada qlobal iqlim siyasətində mühüm bir oyunçu kimi rolunu gücləndirəcəkdir Azərbaycanın COP29-a ev sahibliyi etməsi, yalnız ölkəmizin nüfuzunu artırmaqla kifayətlənməyib, həm də qlobal iqlim səylərinə töhfə verən tarixi bir addım oldu.

Bu konfransın nəticələri, yalnız region üçün deyil, dünya üçün də uzunmüddətli təsirlər göstərəcəkdir. Azərbaycanın iqlim diplomatiyasındakı rolu, ölkəmizin gələcəkdə daha böyük uğurlara imza atacağının xəbərçisidir.

Nuranə Səfərova,
287 saylı Zəkalar liseyinin riyaziyyat müəllimi