Real döyüş əməliyyatlarında öz sözünü deyən, dünyanın güclü orduları sırasında reytinqi yüksələn Milli Ordumuzda modernləşmə işləri sürətlənir, intellektual potensialı gücləndirilir, yeni hərbi birləşmələr yaradılır
Ulu Öndər Heydər Əiyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyət, taleyüklü məsələlər sırasında ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar böyük önəm daşıyırdı. Sovetlər dövründə heç bir müttəfiq respublikada həlli mümkün olmayan Cəmşid Naxçıvanski adına internat məktəbi yaratmaqla ordu quruculuğu prosesinin əsasını qoyan, hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə davam etdirən Ulu Öndər milli kadrların hazırlanması sahəsindəki təcrübəsini sonralar da davam etdirdi. AXC-Müsavat iqtidarı dövründə ölkədə yaranmış xaosun müstəqilliyimiz üçün böyük təhlükə olduğunu dövlətçilik təcrübəsi ilə hiss edən Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları arasında yer almasıdır. Həmin dövrdə Naxçıvanı Ermənistanın təcavüzündən qorumaq üçün ilk növbədə diqqəti sərhədlərimizin etibarlı təminatına yönəldən müdrik şəxsiyyət Heydər Əliyev 1992-ci ildə Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin nümayəndələri ilə apardğı danışıqlar nəticəsində muxtar respublikadakı 41-ci sərhəd dəstəsi ləğv edildi. SSRİ-nin « yaşıl papaq»lılarının funksiyaları milli kadrlara həvalə edildi. Dəstənin bütün hərbi və təsərrüfat əmlakları milli kadrlar hesabına yaradılmış Azərbaycan Respublikasının I Sərhəd Dəstəsinə təhvil verildi. Sonrakı mərhələdə Naxçıvanda uzun illərdən bəri məskən salmış 75-ci motoatıcı diviziyanın bütün silahları, texnikası, hərbi ləvazimatları, əmlakı Azərbaycan xalqının milli sərvəti kimi muxtar respublikada yaradılan Dövlət Müdafiə Komitəsinə tapşırıldı. Ulu Öndər Heydər Əliyev fəxrlə bildirirdi ki, Naxçıvanda artıq formalaşan Milli Orduda və Sərhəd Dəstəsində vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına məktəbin məzunları təcrübəli hərbçi kimi Vətənə xidmət edirlər. Qəlbi Vətənə bağlı olan Ulu Öndər əmin idi ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixini layiqincə davam etdirəcək, dövlətçiliyimizi qoruyacaq milli kadrlardan formalaşan Milli Ordumuzun əsgər və zabitləri onlara göstərilən etimadı doğruldacaqlar. «Mən şübhəsiz ki, heç kimi arxayın salmaq, heç kəsi sayıqlıqdan çəkindirmək istəmirəm. Azərbaycan xalqı öz milli azadlığını əldə edib. Azərbaycan müstəqil dövlət kimi dünyada tanınıb və heç bir qüvvə xalqımızı bu yoldan geri döndərə bilməz. Lakin biz müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək, onun hərbi qüdrətini daha da yüksəltmək üçün çox böyük çətin yol keçməliyk» sözləri ilə torpaqlarımızın işğaldan azad ediləcəyini inamla bildirən Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti Prezident İlham Əliyev Ali Baş Komandan kimi uğurla davam etdirdi.
İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə torpaqlarımızın 30 illik işğalına son qoyan Azərbaycan Silahlı Qüvvələri Ermənistanın «qüdrətli ordu» mifini dağıtdı. Hələ də başqaları üçün möcüzə olan Şuşa əməliyyatı ilə hərbi sirlərin açılmaz səhifələrinə uğurlar yazan Milli Ordumuzun Füzulini, Cəbrayılı, Hadrutu, Zəngilanı, Qubadlını, bütövlükdə 300-dən çox yaşayış məntəqəsini döyüşərək azad etməsi, Ermənistanın noyabrın 10-da kapitulyasiya aktını imzalaması o demək idi ki, Azərbaycan öz torpaqlarının əbədi işğal altında qalması ilə razılaşmayacaq. Fransa kimi, digər havadarlarının dəstəyi ilə qurulan keçilməz istehkamlar belə Azərbaycan Ordusunun Qələbə əzmi qarşısında dayana bilmədi.
İkinci Qarabağ müharibəsindən keçən dövrdə belə Ermənistana silah- sursatla, hərbi avadanlıqlarla yardımlarını davam etdirən Fransa kimi digər anti-Azərbaycan dairələr yenə də eyni aqibətlə üzləşəcəklər.
Vətən müharibəsindən sonra da ordu quruculuğu istiqamətində islahatları davam etdirən Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yeni komando birləşmələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin zənginləşməsi, ordumuzun döyüş qabiliyyətinin artırılması üçün hərbi-təlim məşqlərin yüksək səviyydə təşkili Ermənistan və havadarları üçün göz dağıdır.
Artıq təkzibolunmaz bir həqiqət var ki, Ermənistan və onun arxasında duran istənilən ölkə Azərbaycanla şantaj və ultimatum dili ilə danışa bilməz. Güclü ordusu ilə sayılıb-seçilən dövlətlər arasında adı çəkilən Azərbaycanın inkişafda olan yerli hərbi sənaye kompleksində istehal olunan avadanlıqların dünya silah bazarında, sərgilərdə böyük maraqla qarşılanması hərbi qüdrətimizin təsdiqidir. Hərbi avadanlıqlar, silah –sursat, texnika istehsal edilən müssisələrimizdə genişmiqyaslı modernləşmə işlərinin aparılması ilə iqtisadi gücünü, müdafiə qüdrətini göstərən Azərbaycan hərbi sahədə intellektual potensialını da gücləndirir.
Qlobal hadisələrlə daha da gərginləşən, Rusiya- Ukrayna, İsrail-Fələstin müharibələrinin davam etdiyi müasir dünyamızda silah bazarında öz sözünü deyən ölkələr təbii ki, iqtisadi qüdrətini də nümayiş etdirir. Azərbaycan bu sahədə də fərqlənən güclü dövlətlər arasında yer alır. Başqa sözlə deyilsə, Üçüncü Dünya müharibəsinin anonsunun səsləndirildiyi indiki məqamda ölkəsini gözlənilən təhlükələrdən qorumaq üçün hərbi qüdrətini artıran dövlətlərin silahla təminatına ehtiyac daha çoxdur. «Dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən, iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir - biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var» söyləyən Prezident İlham Əliyev ölkəmizdə özəl şirkətlərin bu sahəyə artan maraqlarını, hərbi sənaye kompleksinin inkişafında iştiraklarını yüksək dəyərləndirir.
Bu ilin sentyabrında Bakıda keçirilən «ADEX-2024”» 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və «Securex Caspian» 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində bu cür mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə və böyük peşəkarlıqla təşkilini yüksək dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli sərgilərə ev sahibliyini ölkəmizin hərbi sənaye sahəsində öz sözünü deyən tanınmış dövlətlər və aparıcı xarici şirkətlərlə möhkəmlənən işgüzar əlaqələrin inikşafı baxımından yüksək dəyərləndirmişdi: «Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. «ADEX”» müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.»
Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla davam etdirilir. Planlı və düşünülmüş şəkildə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılır. Bu cün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir. Bir çox ölkələrin müdafiə sənayesi şirkətləri Azərbaycan brendi olan məhsullarla yaxından maraqlanırlar. Dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.
İkinci Qarabağ müharibəsindən sonra şərti sərhədlərimizin qorunmasına diqqət daha da artırılmışdır. «Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir» sözləri ilə Qərb dövlətlərinin planlarının qarşısının alınacağını söyləyən Ali Baş Komandan İlham Əliyev əlavə olaraq bildirir ki, ölkəmizə qarşı real təhdid yaransa , təxribatların qarşısı dərhal alınacaq: «Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir.»
«Nəyin, necə, nə vaxt ediləcəyi» tezisini ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində də tətbiq edən Prezident İlham Əliyevin qətiyyətli sərkərdəlik təcrübəsi də nümunə göstərilir. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı artır, əsgər və zabitlərimizin qarşıya qoyulan istənilən vəzifəni yüksək səviyyədə icra etmək bacarığı təkmilləşir. Ötən ilin sentyabrında Qarabağda aparılan qısamüddətli lokal anttiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, antiterror əməliyyatı nəticəsində qazandığımız uğurlar təsdqlədi ki, Azərbaycan Silahlı Qüvvələri paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur. Dünyanın güclü orduları sırasında reytinqi yüksələn Silahlı Qüvvələrimizin hərbi gücünə görə dünya miqyasında yüksək sıralarda, Cənubi Qafqazda isə birinci sırada yer alması müdafiə qüdrətimizin sarsılmaz gücünün ifadəsidir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının formalaşdırılmasında, şəxsi heyətin peşəkarlığının artırılmasında qardaş Türkiyənin müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlərdə iştirak edən , təcrübə mübadiləsi aparan Silahlı Qüvvələrimiz müasir model əsasında yenidən qurulur. Ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların idxalı sürətlənir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti olan Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir. Tarixi hadisə olan Laçın sərhəd keçid-buraxılış məntəqəsinin açılması, «Fərrux», «Sarıbaba-Qırxqız», «Qisas»” əməliyyatları Silahlı Qüvvələrimizin döyüş salnaməsinə qızıl hərflərlə yazıldı.
Separatçı rejimin «prezidenti»nin, «parlament sədri»nin, əli soydaşlarımızın, Xocalı soyqırımı qurbanlarının qanına batmış erməni cəlladlarının həbsində, zərərsizləşdirilməsində hərbçilərimiz əsl mənada qətiyyət göstərdilər. Xankəndidə dalğalanan Dövlət Bayrağımız isə Ermənistana, onun dəstəkçilərinə sağalmaz zərbə oldu. İkinci Qarabağ müharibəsindən sonra daha da güclənən ordumuz alınan yeni texnika və sursatlar, ən müasir avadanlıqlar hesabına daha da təkmilləşir, hərbçilərimizin əzmi, rəşadəti, döyüş qabiliyyəti artır. Prezident İlham Əliyevin «Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion»” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik» sözlərindən nəticə çıxarmayanlar üçün tarixi dərs paytaxtımızdakı Hərbi Qənimətlər Parkında əbədi yuxuyaa gedən Ermənistanın «mifləşdirilmiş» ordusunun sınıq-salxaq texnikaları, Xankəndidə açılan Zəfər meydanı, Bakıda istifadəyə verilən Zəfər parkıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin «Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək» sözləri isə Vətənimizin varlığını, müstəqilliyimizi, sərhədlərimizi əmanət etdiyimiz hərbçilərimizə inamının, etimadının ifadəsidir.
Xuraman İsmayılqızı, «İki sahil»