27 noyabr 2024 12:49
64

COP29-da tarixi nailiyyətlər

 “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

COP29-da davam edən səmərəli və gərgin müzakirələr öz nəticəsini verdi. Belə ki, Bakı COP İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsilə tarixə düşdü.

Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Yəni, Bakıda COP-larda əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çox maliyyə dəstəyinə nail olundu ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə töhfə olacaq.Azərbaycan Prezidenti Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir. Ölkəmiz ötən il ev sahibliyi statusu qazanarkən nümayiş olunan etimadı ən yüksək səviyyədə doğrultdu. Yeri gəlmişkən, BMT Baş katibi Antonio Quttereş də uğurlu təşkilatçılığa görə Azərbaycana təşəkkürün bildirərək, COP29 razılaşmasının iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu bildirib.

COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri oldu. 76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord oldu. COP29 sessiyası ərzində hər hansı riskli vəziyyətin yaranmaması Azərbaycanın təhlükəsizlik adası olduğunu bir daha təsdiqlədi. COP29 uğuru Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının və icraçılarının da ifşası oldu.

Bütün maneələrə baxmayaraq, Azərbaycan bəşəriyyəti narahat edən iqlim konfransına yüksək səviyyəli təşkilatçılıq etdi. COP29 platformasında çıxış edən cənab Prezident İlham Əliyev həm də ölkəmizin siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi. Azərbaycana qarşı çirkin kampaniyalar, dünyada cərəyan edən “yaşıl keçid” şüarları əsasında nümayiş olunan imitasiyalar ifşa edildi. Bakı COP-dan sonra artıq bütövlükdə COP tarixində yeni mərhələnin başladığını əminliklə söyləmək olar.

Məryəm İbrahimova,
287 nömrəli “Zəkalar” liseyinin tarix müəllimi