30 noyabr 2024 13:31
76

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda bir sıra məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan Muxtar Respublikasında Heydər Məscidi Kompleksini, Came, Sarvanlar və Kazım Qarabəkir Paşa məscidlərini ziyarət edib.

Dövlət Komitəsindən “İki sahil”ə bildirilib ki, Ramin Məmmədov xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpasının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu dəyərli ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Komitə sədri onu da qeyd edib ki, Azərbaycanda İslam dəyərləri çox möhkəm təməllər üzərində qurulmuş milli dəyərlərin tərkib hissəsidir. Bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində də tədbirlər davam etdirilir. Vurğulayıb ki, ölkəmizdə təkcə məscidlərə deyil, digər dinlərə aid ibadət evlərinə də qayğı ilə yanaşılır, onların qorunub saxlanılmasına və təmir-bərpa edilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, xalqımıza xas tolerantlıq ənənələrindən də danışıb. Bildirib ki, dərin tarixi köklərə söykənən və bu günə qədər inkişaf edərək cəmiyyətimizin gündəlik həyat tərzinə çevrilmiş multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən müxtəlif icmaların nümayəndələrinə diqqət və qayğı göstərilir, hər il konfessiyaların fəaliyyətini dəstəkləmək, cəmiyyətdə etnik-dini müxtəlifliyi qorumaq və multikultural dəyərləri daha da inkişaf etdirmək məqsədilə dini qurumlara maliyyə yardımı ayrılır.

İbadət yerlərində fəaliyyət göstərən din xadimləri milli-mənəvi dəyərlərin, vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.