03 dekabr 2024 20:06
118

Cənubi Koreyada nə baş verir?

Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyətlə əlaqədar parlament binasına giriş-çıxış dayandırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Yonhap agentliyi məlumat yayıb. Prezident Yun Sok Yolun televiziya ilə xalqa müraciətində Şimali Koreyanı dəstəkləyən qüvvələri aradan qaldırmaq və konstitusiya qaydasını dəstəkləmək üçün ölkədə fövqəladə hərbi vəziyyət elan etməsindən sonra müdafiə naziri ordunun komandanlığı ilə vacib görüş çağırıb, sayıqlığın artırılmasını tələb edib. Ordunun fövqəladə hazırlıq vəziyyətində olması əmr edilib.

Ordunun qərargah rəisi general Park An-sunun imzaladığı əmrlə yerli vaxtla saat 23:00-dan ölkədə bütün siyasi fəaliyyət, o cümlədən Milli Assambleya ilə əlaqəli siyasi fəaliyyət, yürüş və etiraz aksiyaları, siyasi partiyaların fəaliyyətini qadağan olunub. O, əmrin demokratiyanı və xalqın təhlükəsizliyini ölkəni təhdid edən anti-dövlət qüvvələrdən qorumaq üçün verildiyini bildirib. Əmr bütün media və nəşr fəaliyyətlərini də nəzarət altına alır. Bundan başqa, əmr bir neçə aydır davam edən interna-həkimlərin tətil aksiyasını dayandırıb, 48 saat ərzində işə başlamağı tələb edir. Əmrə əsasən hərbi vəziyyəti pozanlar həbs oluna və ya order olmadan axtarış edilə bilər.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək fövqəladə hərbi vəziyyət elan edib. O, televiziya müraciətində hərbi vəziyyətin Şimali Koreya meylli qüvvələrin aradan qaldırılmasına, konstitusiya quruluşunun qorunmasına yönəldiyini açıqlayıb. Bu qərar əsas müxalif qüvvə olan Demokratiya Partiyasının parlamentdə dövlət büdcəsinin azaldılmasını tələb edən qanun layihəsini irəli sürməsindən, habelə dövlət auditoruna və baş prokurora impiçment üçün vəsatət qaldırmasından sonra qəbul edilib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dövlət başçısının hərbi vəziyyət qərarını səhv addım hesab etdiyini, bu qərarı xalqla birlikdə bloklayacağını deyib.

Hərbi vəziyyətin elan olunmasından dərhal sonra Demokratiya Partiyası üzv deputatlarını təcili parlamentə çağırıb. Müxalif deputatlara hərbi vəziyyətin ləğvindən ötrü lazımi prosedura başlanmasını müzakirə etmək üçün iclas keçirmək tapşırılıb. Partiyanın lideri Li Ce-Myunq hərbi vəziyyətin elan olunmasını konstitusiyaya zidd hesab etdiyini, bu qərarın xalqa qarşı yönəldiyini bildirib. "Prezident Yun heç bir səbəb olmadan hərbi vəziyyət elan edib. Tezliklə tanklar, hərbi avtomobillər və silahlı əsgərlər ölkədə nəzarəti ələ alacaq”, - deyə Demokratiya Partiyasının lideri bildirib.