28 noyabr 2024 22:29
95

Qərb Ermənistanı müharibəyə  təhrik etməkdə israrlıdır - TƏHLİL

Ermənistanda revanşizm əhval-ruhiyyəsi hökm sürür. Şübhəsiz, bu prosesdə Fransanın, Yunanıstanın, Hindistanın və digər dövlətlərin təcavüzkar ölkəni sürətlə silahlandırması aparıcı rol oynayır. Reytinqi aşağı düşmüş Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud vəziyyətdən  yararlanmaq niyyətindədir. Odur ki,  o və tərəfdarları bundan çıxış yolunu hərbi əməliyyatlarda, daha doğrusu, Azərbaycan üzərində kiçik də olsa qələbə qazanmaqda görürlər. Onlara elə gəlir ki, bu yolla reytinqlərini bərpa edə biləcəklər. Paşinyanın avantüraya əl atmaq istəyini Ermənistanın BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakdan imtina etməsi də bir daha təsdiqləyir. Halbuki, Paşinyan və onun komandası beynəlxalq tribunalardan özlərini “sülh göyərçinləri” kimi təqdim edir və bununla dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışırlar. 

Bir məsələni də vurğulayaq. Ermənistanın əsas havadarı olan Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət gündən-günə pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın məkanda, yəni Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.  Bir sözlə, Qərb Rusiya üçün Cənubi Qafqazda ikinci cəbhə açmaq planını işə salmaq istəyir və məqsədinə çatmaq üçün  alət kimi Ermənistandan istifadə edir.

 Fransanın, Hindistanın silahlarını, Yunanıstanın S-300 zenit-raket komplekslərini və digər silahları Ermənistana ötürən bu anti-Azərbaycan dairələr təcavüskar ölkədə  “mülki missiya” adı altında fəaliyyət göstərən qurum vasitəsilə  Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürürlər. Bununla da Qərb 4 ildən çoxdur Azərbaycanın regionda yaratdığı yeni reallığı dəyişəcəyinə ümid edir.

Bütün bunlar o deməkdir ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planının tərkib hissəsidir.  Şübhəsiz, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın belə bir sevdaya düşməsi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına hesablanıb ki, bunu da görməmək mümkün deyil. Halbuki, Nikol Paşinyan  bu günlərdə mətbuata müsahibəsində  bildirmişdi ki,  sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır.  Budurmu hazırlıq? Amma hadisələrin gedişatı göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Şübhəsiz, bu, onun havadarlarından aldığı növbəti tapşırıqdır. Yəni, sən “sülh göyərçini” olduğunu nümayiş etdirməkdə, danışıqları uzatmaqda davam et, qalanı bizlikdir. Bəli, hazırda görünən odur ki, Qərbin Ermənistanla bağlı atdığı addımlar bölgəni ciddi formada gərginliyə sövq edir. Yaradılan vəziyyət isə Cənubi Qafqaza yeni münaqişələr, qarşıdurmalar vəd edir, gərginliyi artırır. Yeri gəlmişkən, Rusiya rəsmiləri də bu məqama dəfələrlə toxunublar.

Ermənistanın təxribatçı addımları və revanşist yanaşmaları fonunda  Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi qorumaq istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür. Dövlətimiz sülh müqaviləsinin imzalanmasında sözün həqiqi mənasında israrlı olduğunu nümayiş etdirir.

Şübhəsiz, rəsmi Bakı  bütün təhdidlərə adekvat cavab verməyə hazırdır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Görəsən, Ermənistan və onun havadarları, birinci növbədə Qərb bundan niyə nəticə çıxarmır? Halbuki, o dərk etməlidir ki, 30 il ərzində Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmayan Ermənistan son anda çox ağır itkilərlə, faciələrlə üz-üzə qalıb. Şübhəsiz, bu növbəti oyun da təcavüzkar ölkəyə iztirablardan başqa yaxşı heç nə vəd etmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”