05 dekabr 2024 19:05
226

Əminəm ki, tədbir hər bir uşağın həyatında müsbət iz buraxacaq - Forum iştirakçısı

Bu gün Uşaqların VI Forumunda iştirak etmək qürurvericidir. Çünki tarixi hadisənin bir parçası olmaq, dövlət və hökumət nümayəndələri ilə, deputatlarla, xarici rəsmi qonaqlarla eyni məkanda tədbirdə olmaq, intellektual uşaqlarla fikir mübadiləsi aparmaq, fikrimcə, hər bir iştirakçı uşağın həyatında müsbət iz buraxacaq.

Bu sözləri “İki sahil”ə açıqlamasında Respublika Uşaqlarının VI Forumunun iştirakçısı Nərgiz Adıgözəlova söyləyib.

İştirakçı forum barədə öz təəssüratlarını bölüşərək deyib: “Biz bu gün rəsmi açılışdan sonra uşaqlarla “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparır və müvafiq təkliflərlə çıxış edirik. Məsələn, mən müzakirələrdə uşaqların informasiya təhlükəsindən qorumaq, onların gələcəkdə qlobal iqlim problemlərindən əziyyət çəkməməsi üçün hansı işlərin görülməsinin vacibliyi barədə suallar verdim və onun müzakirəsini apardıq”.

“Forum bizə, eyni zamanda, yeni dostlar qazandırır. Bu gün təşkil edilən səhər yeməyi və naharda, çay-kofe fasiləsində və müzakirələrdə iştirakçı uşaqlarla mehriban münasibətlərimiz yarandı. Hətta bu gün forumun sonunda musiqili proqramımız da olacaq. Bu baxımdan, Uşaqlar Forumu çox əhəmiyyətlidir. Uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Elm və Təhsil Nazirliyinə təşkilatçılığa görə təşəkkürümü bildirirəm”, - deyə N.Adıgözəlova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.