Antoni Blinken qaçaqmalçını necə “antikorrupsiya çempionu” elan etdi
Dekabrın 9-da ABŞ Dövlət katibi Antoni Blinken ötən ilin noyabr ayında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunan “AbzasMedia” nəşrinin baş redaktoru Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib, yəni mükafata layiq görüb. Hətta Blinken utanıb-qızarmadan bildirib ki, guya o, Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə bu mükafata layiq görülüb. Halbuki o, qeyd etdiyimiz kimi, konkret olaraq qaçaqmalçılığa görə məsuliyyətə cəlb olunub. Bu yerdə deyiblər də elə söz danışır ki, lap bişmiş toyuğun gülməyi gəlir.
Məsələni bir qədər dərindən analiz edəndə çox maraqlı məqam üzə çıxır. Belə ki, Bayden administrasiyası öz maraqları naminə müxtəlif ölkələrdə, həmçinin Azərbaycanda manqurtları, xəyanətkarları, mənəviyyatsızları tapıb pul müqabilində əməkdaşlığa cəlb edir, sonra da öz xalqına və dövlətinə qarşı riyakarlığa görə onları mükafatlandırır, qəhrəmanlaşdırır. Görünür, mükafatlandırılan, daha doğrusu, düşmən mövqeyindən çıxış edən şəxs Bayden administrasiyasının etimadını qazanmağa çalşıb ki, ona belə “diqqət ayrılıb”. Başqa sözlə, bunu Bayden administrasiyası ilə gizli əlaqələrin nəticəsi kimi yozmaq olar. Şübhsiz, bu gedişlə Bayden administrasiyası həm də xidmətində olan şəxslərin onun çətiri altında olacaqlarına işarə edib.
İndi qayıdaq Blinkenin “korrupsiyanı ifşa etdiyinə görə” ifadəsinə. Əslində “Adımı sənə qoyum, səni də yana-yana qoyum” məşhur Azərbaycan atalar məsəlini yada salıb onun cəfəng iddiasına əhəmiyyət verməmək də olardı. Amma bu fikrimizdən daşındıq. Niyə? Çünki Azərbaycanda korrupsiyadan söhbət gedə bilməz. Bu mənada həmin ifadə Blinkenin və onun xidmət etdiy administrasiyanın təxəyyülündən başqa bir şey deyil. Amma Blinkenin vətənində korrupsiya meydan sulayır. Hətta bu dövlətdə böyük korrupsiya qalmaqalları bir-birini əvəz edir. Elə Senatda bu və ya digər ölkənin əleyhinə qəbul edilən qərarların mayasını korrupsiyadan əldə edilən vəsait təşkil edir. Bu kimi səbəblərdən ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır. Hətta bu yaxınlarda ABŞ Prezidenti seçilmiş Donald Tramp Amerikadakı korrupsiya hallarının bu ölkəni üçüncü dünya ölkəsinə çevirməkdə olduğunu bildirib. Bu mənada Antoni Blinkenin nəzərinə çatdırmaq istərdik ki, korrupsiya ilə bağlı araşdırmalar ABŞ-ın özündə aparılmalıdlr. Amma aparılmır. Hətta Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, amma bu barədə heç kim yazmır, kimsəyə mükafat verilmir.
Elə Baydenin öz cinayətkar oğlu Hanter Baydenin əfvinin təməlində korrupsiya dayanmırmı? Halbuki, oğlu 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinirdi. Həmçinin Hanter Bayden vergidən yayınma ilə əlaqədar irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf etmişdi. Yeri gəlmişkən qeyd edək ki, hələ Barak Obamanın hakimiyyət illərində ABŞ-ın vitse-prezidenti olan Baydenin oğlu Hanter korrupsiya yolu ilə milyonlarla dollar qanunsuz vəsait qazanıb. Bu, Bayden administrasiyasının siması olmaqla yanaşı, həm də ayrı-ayrı ölkələrdə hüquq müdafiəçisi adı altında verilən mükafatların əsl mahiyyətini göstərir. Ümumiyyətlə, ABŞ tarixində korrupsiya, rüşvət və digər dövləti cinayətlərdə günahlandırılan prezidentlər yetərincədir. Ancaq Co Bayden onların önündə gedir desək, yanılmarıq.
Bir məsələni də vurğulayaq. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd elə bu və ya digər ölkənin vətəndaşlarının əli ilə suveren respublikaların daxili işlərinə müdaxilə etmək olub. Baş verən rəngli inqilablar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər ABŞ-ın formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Təəssüflər ki, bizimkilərdən bəziləri də onların maşasına çevrilmək istəyiblər. Amma onların niyyətləri faş olunub. Şübhəsiz ki, bu, Azərbaycan hakimiyyətinin milli maraqlarımıza xidmət edən uzaqgörən siyasətinin nəticəsidir. Bayden administrasiyası da, digərləri də bilməlidirlər ki, Azərbaycanda belə mükafatlandırma oyunları heç bir səmərə verməyəcək. Çünki Azərbaycan nə artıq Qərbə təslim olmuş Ermənistan deyil, nə də öz maraqları naminə sıxışdırdıqları Gürcüstan deyil. Azərbaycanda kənar müdaxilələrə qarşı effektiv mexanizmlər mövcuddur, məhz onlarla da riyakar cəhdlərin qarşısı alınır.
Qvami Məhəbbətoğlu, “İki sahil”