11 dekabr 2024 15:03
201

Bu il Azərbaycanda inşa olunan yerüstü piyada keçidlərinin ünvanları açıqlanıb

Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bu il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb.

Bu barədə “İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri üzrə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (Binə qəsəbəsi), Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci km-də (Şağan qəsəbəsi), Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi), Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində, Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində, həmçinin Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında piyada keçidi inşa edilib.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci km-də, M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci km-də, M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 35,6-cı km-də piyada keçidləri inşa edilib.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə bir-neçə ərazidə isə piyada keçidlərinin inşası davam etdirilərək yekunlaşdırılır. Bura M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də, M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci km-də (Sabirabad rayonu ərazisində), R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) daxildir.