26 dekabr 2024 18:36
124

Banklar kreditləşmədə davranış modellərindən istifadə edəcəklər

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra banklar kreditin verilməsində davranış modellərindən istifadə edəcək. Həmin modellər əsasında borcalanın proqnozlaşdırılmış gəlir məlumatları müəyyən edilə və həmin məlumatlar borcalanın ödəmə qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər.

Davranış modelinin hazırlanmasını və təkmilləşdirilməsini bankın risklərin idarə edilməsi funksiyasına daxil olmayan ayrıca struktur bölməsi həyata keçirəcək.

Davranış modelinin xarici validasiyasını beynəlxalq audit standartlarına uyğun auditi həyata keçirən audit şirkətləri və ya bu sahədə ixtisaslaşmış şirkətlər həyata keçirəcək. Davranış modelinin validasiyasına cəlb edilən audit şirkəti və ya ixtisaslaşmış şirkət modellərin validasiyası üzrə azı 3 illik iş təcrübəsinə malik olmalı və modellərin validasiyası üzrə iştirak etdiyi layihələr barədə məlumatı banka təqdim etməlidir.

Daxili və xarici validasiyası həyata keçirilmiş davranış modelini İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi ilə razılaşdırıldıqdan sonra Müşahidə Şurası təsdiq edir. Davranış modeli təsdiq edildikdən sonra onun bankdaxili kommunikasiyası təmin edilir və növbəti 5 iş günü ərzində xarici validasiyanın nəticələri ilə birlikdə AMB-yə təqdim edilir.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.