Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik, çox ağıllı, çevik bir şəraitdə 30 il həsrət qaldığımız doğma yurdumuz — Zəngilan da düşmən tapdağından azad olundu və mənfur düşmənlərdən təmizləndi. Möhtəşəm Qələbədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilr. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər dəfə tarixi səfərlərində Zəngilan və ya digər rayonlara gedərkən görülən işlərlə yerindəcə tanış olur, açılışa hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. 20 oktyabr – Zəngilan şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilanın işğaldan azad olunması nəticəsində 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edildi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı. Möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti və göstərişlərinə əsasən işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Zəngilan rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu gün Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
İlk növbədə Zəngilanda birinci pilot layihəsi çərçivəsində Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri