Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Ədliyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun fəaliyyəti çərçivəsində “Vahid Məhkəmə Portalı” və onun funksional imkanlarını əks etdirən video-təlimat hazırlanıb.
Bu barədə "İki sahil"ə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vahid Məhkəmə Portalında istifadəçilər üçün bir sıra funksional imkanlar təşkil edilib. Portalda “Məhkəmələr”, “Hakimlər”, “Vəkillər”, “Mediatorlar” bölmələri istifadəyə verilib. Bu bölmələr vasitəsilə istifadəçilər məhkəmələr, hakimlər, eləcə də vəkillər və mediatorlar üzrə ətraflı axtarış edə və məlumat əldə edə bilər, həmçinin mediatorlara onlayn qaydada müraciət edə bilərlər. Portalda “Məhkəmə rəqəmlərdə” bölməsində məhkəmə işləri, keçirilən məhkəmə iclasları, qəbul edilmiş məhkəmə aktlarının sayı barədə real vaxt rejimində yenilənən statistika təqdim edilir.
Həmçinin, görülən işlər çərçivəsində məhkəmə statistikası sahəsində şəffaflığın artırılması məqsədi ilə Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi də yenilənib. Bu bölmə vasitəsilə hər bir şəxs məhkəmələrə daxil olmuş işlər, işlərin bitmə əmsalı, məhkəmə işinə baxılma müddəti, hakimlərin cinsə görə bölgüsü, kommersiya mübahisələri və müflisləşmə üzrə işlərə dair müxtəlif illəri (rüblər üzrə) əhatə edən dəqiq statistik rəqəmlərlə tanış ola bilərlər.