Bu hal ABŞ Konqresinin daim əsas problemlərindən biri olub və zaman-zaman bu qurumun nüfuzuna ciddi xələl gətirib
ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, demokrat Bred Şerman Konqresin Ermənistan məsələləri üzrə Komitəsinin sədr müavini seçilib. Məlumatı Ermənistan mediası yayıb. Qeyd olunub ki, ABŞ Konqresinin 100-dən çox üzvdən ibarət olan bu komitəsi Ermənistan-ABŞ əlaqələrinin gücləndirilməsi və Ermənistanla bağlı məsələlərin irəlilədilməsi ilə məşğul olur. "Mənim üçün bu komitənin sədr müavini olmaq böyük şərəfdir. Təxminən üç onillik ərzində ABŞ-la Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsi, ermənifobiyaya qarşı mübarizə və ABŞ-ın erməni icmasının maraqlarının qorunması istiqamətində çalışmışam. Sədr müavini kimi mən bu irsə əsaslanaraq həmkarlarımla Ermənistan və onun xalqı üçün demokratik, təhlükəsiz və firavan gələcək üçün səy göstərəcəyəm", - Şerman bildirib.
Bəli, o, düz deyir. Bu siyasətçi illərdir ki, ermənilərin, eləcə də LGBT hüquqlarının müdafiəçisi kimi tanınır. Erməni lobbisinin, diaspor qüvvələrinin təsiri altında fəaliyyət göstərir. B.Şerman hələ 2019-cu ilin iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim etmişdi. O, Amerika istehsalı olan silahın hesabına Azərbaycanın hərbi hava qüvvələrinin zərbəendirici imkanlarını təkmilləşdirmək perspektivinin qarşısının alınmasını istəyirdi. Sözsüz ki, bu məsələdə də Amerika Erməniləri Milli Komitəsinin (ANCA) xüsusi rolu var idi. Çünki bu barədə ANCA öz saytında məlumat yaymışdı. Sözügedən məlumata görə, təşəbbüs Bakının Xankəndidə yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşısını almağı hədəfləyirdi. Yəni, bu dəyişiklik ABŞ-ın Azərbaycana hava hücumundan müdafiə sistemini gücləndirə biləcək silah satışını əngəlləyəcəkdi. Məlumdur ki, Birləşmiş Ştatlar Azərbaycan arasında bir sıra sahələrdə geniş əməkdaşlıq olsa da, silah ticarəti yoxdur. Ancaq zaman-zaman Konqresdə erməni lobbisinin maraqlarından çıxış edən konqresmenlər çalışırlar ki, Azərbaycana qarşı hansısa qərarlar qəbul edilsin. Bu yöndə müəyyən səylər göstərirlər. Bu baxımdan, Bred Şermanın Azərbaycanla bağlı təklifləri də ermənipərəstliyin və ikiüzlülüyün bariz nümunəsidir. Ümumiyyətlə, bu kimi hallar ABŞ Konqresinin daim əsas problemlərindən biri olub və ABŞ Konqresinin nüfuzuna ciddi xələl gətirən məqamlardan biridir. Məsələn, bu ilin sentyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına "Artsax Gəlirlərinin Bərpası Aktı" adlı qanun layihəsi təqdim edilmişdi. Qanun layihənin müəllifi, Kaliforniyadan olan konqresmen Adam Şiff idi. Qanun layihəsində “Qarabağın işğalı zamanı o ərazilərdə yaşayan ermənilərə maddi kompensasiyaların verilməsi”ndən bəhs olunurdu. Bu baş verməyəcəyi təqdirdə isə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması məsələsi ortaya atılmışdı. Bunun ardınca “Artsax Gəlirlərinin Bərpası Fondunun” yaradılması həyata keçirilməli, bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini almalı, daha sonra bu vəsaitlər Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsax”dan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edilməlidir.
Burada xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Bunu çoxsaylı faktlar da sübut edir. Hərbçilərimiz 24 saatdan da az çəkən antiterror əməliyyatını əsl zərgər dəqiqliyi ilə icra etdilər. Nəticədə yalnız hərbi təyinatlı obyektlər, yəni silah anbarları, atəş mövqeləri və nöqtələri vuruldu, eyni zamanda, xeyli sayda terrorçu həbs edildi. Əməliyyatın digər unikallığı onda idi ki, mülki infrastruktura və Qarabağın erməni əhalisinə heç bir ziyan dəymədi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi Qarabağdan erməni əhalinin köçündə heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi bölgədə yaşayan erməni əhalinin reinteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtararaq, ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına qovuşdurmaq idi. İşğal bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. Amma bütün bunlara baxmayaraq, ermənilərin özlərinin təxribatları ötən ilin 19-20 sentyabr hadisələrinin baş verməsini şərtləndirdi. Amma bu reallıqları erməni pulu və dəstəyi ilə fəaliyyət göstərənlər, o cümlədən də Adam Şiff görmək istəmir. Onu da xatırladaq ki, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar. Məsələn, bəzi ermənipərəst konqresmenlər dövlət katibi Antoni Blinkenə məktub yazaraq “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə “narahatlıqlarını” bölüşmüşdülər. Bundan başqa, ABŞ Konqresinin 26 nəfərlik heyəti ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri Con Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd etmişdilər. Bu dəfə isə yenə əndazəni aşan konqresmenlər iddia edirlər ki, ABŞ-dakı azərbaycanlılara məxsus şəxsi aktivləri ələ keçirmək və “Artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək” lazımdır. “Köçkün ermənilərin” fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılması da təkliflər sırasındadır.
2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” konqresmenlər Frank Pallone, Anna Eşu, Qeyb Amo, Coys Biti, Cim Kosta, Coş Gottheimer, Duq LaMalfa, Ses Magaziner, Ceyms Makqovern, Qreys Meng, Kevin Mallin, Qreys Napolitano, Elyanor Holms Norton, Jan Şaakovski, Linda Sançez, Bred Şerman, Dina Titus və Lori Trahan tərəfindən dəstəklənir. Onların hamısı erməni lobbsinin fəal üzvləridir və erməni diasporundan külli miqdarda pul alırlar. Məsələn, Şiff 2011-ci ildə erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə “Mxitar Qoş” ordeni, 2021-ci ildə isə “Dostluq” ordeninə layiq görülüb.
Sevinc Azadi, “İki sahil”