14 dekabr 2024 01:57
642

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə dayanıqlı inkişafını təmin edir

Dövlətimizin başçısı İlham Əliyev qarşıdakı dövrün hədəfləri sırasında bu çağırışı xüsusi qeyd edir ki, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir

Dövlət başçısı İlham Əliyev bu ilin sentyabr ayında 7-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıdakı dövrün hədəflərindən bəhs edərkən sosial müdafiənin gücləndirilməsinin prioritetliyini xüsusi qeyd etdi. Bildirdi ki, əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Sosialyönümlü siyasət bir daha ümumi siyasətimizi, niyyətimizi göstərir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. 

Dövlət başçısı İlham Əliyev 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini qarşıya mühüm vəzifə kimi qoydu. Bu çağırış səsləndirildi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bölgələrin malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi üçün Regional inkişaf proqramları həyata keçirildi və uğurlu nəticələr göz önündədir. Tarixi Zəfərimiz hər bir sahədə yeniliklərə, təkmilləşməyə yol açdı. Bu baxımdan Regional inkişaf proqramlarının davamı olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi və hazırda icra edilir. Bu sənəd qarşıdakı dövr ərzində beş əsas hədəfin reallaşdırılmasını nəzərdə tutur ki, bunlardan biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Sənəddə qeyd edilir ki, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.

Cənab İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında bildirdi ki, əgər İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim: «Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.»

Dayanıqlı inkişafın təmin edilməsində, regionların malik olduğu imkanlardan istifadədə infrastruktur layihələrinin rolu inkaredilməzdir. Azad edilmiş ərazilərdə bu istiqamətdə görülən işlərin miqyası böyükdür. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

Hər zaman qeyd edildiyi kimi, Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqdadır. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımları sırasında oldu. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə Dövlət Neft Fondunun yaradılması ölkənin dayanıqlı inkişafını şərtləndirən amillər sırasındadır. Belə ki, Fondda toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi ölkəmizin dayanıqlı inkişafına geniş yol açır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi də özündə mühüm məqamları ehtiva edir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi digər neftlə zəngin olan ölkələrdən fərqli olaraq heç bir problemi yaşamamasını təmin etdi. Belə ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycan uğurlu inkişaf strategiyasını həyata keçirməklə bu problemdən tamamilə uzaq oldu. Ölkəmizdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, insanlar arasında bərabər bölgünün aparılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm addımların atılması ilə müşayiət olunur. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. 

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 21 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu rəqəm Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm də nəzarət üçün bir vasitədir. Yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” mərkəzlərinin coğrafiyası genişlənir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. İşğaldan azad edilmiş ərazilərdə də bu mərkəzlərin yaradılması əsas hədəflər sırasındadır. Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da bildirir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz bu ərazilərədir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir.

2030-cu ilədək dövrü əhatə edən Milli Prioritetlərdə o da qeyd edilib ki, davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı. Diqqət yetirsək görərik ki, ölkəmiz hər üç məqsədə yüksək səviyyədə nail olub.

Dövlətimizin başçısı İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, hər səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Soydaşlarımızın qayıtdıqları ünvanlara diqqət yetirsək vətəndaş məmnunluğunun artırılmasının prioritetliyi fonunda atılan addımların miqyasının nə qədər böyük olduğunu görərik. Sosial xidmətin təkmilləşdirilməsinə yönələn DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması əsas hədəflər sırasındadır.

Milli Məclisdə müzakirə edilən növbəti ilin dövlət büdcəsinin layihəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifə və təşəbbüsləri, habelə yeni dövrün çağırışlarını, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların icrası üçün zəruri maliyyə təminatı yaradır. 2025-ci ilin büdcə zərfində makro-iqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir. Layihədə sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir. İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur. Sənəd Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına, məskunlaşmaya öz layiqli töhfəsini verəcək.

“Güclü dövlət, yüksək rifah” hədəfi həyata keçirilən siyasətin əsasını təşkil edir. Hər iki hədəf isə düşünülmüş siyasətə söykənir. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu Azərbaycanın hər bir sahədə təcrübəsinin nümunə olmasını təmin edir. Bütün sahələrdə uğurlar ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin geniş miqyas almasında da özünü təsdiqləyir. Yeni iqtisadi və sosial çağırışların Azərbaycanda müzakirə edilməsi, inkişaf modelinin nümunə olduğu vurğulanması yüksək qiymətləndirilməlidir. Hər zaman özünə diqqətin və qayğının şahidinə çevrilən xalqımız ölkə Prezidentinin ətrafında sıx birləşərək yeni hədəflərin reallığa çevrilməsinə səy göstərir. Tarixi Zəfərimizin yaratdığı müasir çağırışları özündə ehtiva edən Milli Prioritetlərdə qeyd edildiyi kimi, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.

Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin malik olduğu iqtisadi imkanların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi, bir sözlə, insan amilinə verdiyi dəyər beynəlxalq səviyyədə təqdir edilir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması da uğurlarımızda öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, daim irəli baxmalıyıq. Zamanı qabaqlamalıyıq.

Yeganə Əliyeva, “İki sahil”