Mağara təfəkkürlü radikal müxalifət təmsilçiləri hələ də qısır döngələrdə ilişib qaldıqlarından rəzil və zəlil duruma düşüblər
Azərbaycanın son illərdə əldə etdiyi uğurlar ermənipərəst dairələri və onların ölkəmizdəki qulbeçələrini-radikal müxalifət təmsilçilərini çox ciddi narahat edir, necə deyərlər, kürklərinə birə salır. Erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən, öz şəxsi ambisiyaları naminə milli maraqları tapdalayan “sapı özümüzdən olan baltalar”- AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli son vaxtlar Azərbaycanın əleyhinə həyasızcasına apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. Heç kimə sirr deyil ki, öz əcnəbi ağalarının sifarişini yerinə yetirən bu marginallar bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum anti-Azərbaycan fondlar vasitəsilə ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.
Hər fürsətdə “hüquqi dövlət”dən, “demokratik dəyərlər”dən danışan bu antimilli ünsürlərdən başqa bir şey gözləmək mümkün deyil. 1992-1993-cü illərdə ölkəni xaos və anarxiya meydanına çevirən AXC-Müsavat cütlüyünün törətdiyi qanunsuz əməllər yaddaşlardan silinməyib. Belə ki, 1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürüklənmişdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İqtisadiyyat dağılıb gedirdi. İnflyasiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, ozamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.
1992-ci ildə hakimiyyəti çevriliş yolu ilə zəbt edən AXC-Müsavat cütlüyünün bu gün sosial şəbəkələrdə klaviatura kəndirbazlığı ilə məşğul olan tör-töküntülərinə bir daha xatırlatmaq istərdik ki, xalımız o günləri ən xırda detallarına qədər xatırlayır. Danılmaz həqiqətdir ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran ovaxtkı müdafiə naziri “əgər Şuşa əldən getsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç cınqırı da çıxmadı.
Radikal müxalifətin başbilənləri də anlamalıdırlar ki, artıq yeni dövrdür, yeni reallıqlar mövcuddur. Bu düşərgədə təmsil olunan marginallar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycanda xaos, özbaşınalıq, vətəndaş qarşıdurması ötən əsrin 90-cı illərinin əvvəllərində qalıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının ali mənafeyini ən yüksək səviyyədə qoruyur, onlara hərtərəfli qayğı göstərir. Təbii ki, cəmiyyətimiz bunu çox yüksək dəyərləndirir. Eyni zamanda siyasi dünyagörüşü nisbətən zəif olan, prosesləri dərindən təhlil edə bilməyən vətəndaşlarımız da təxribatçıların fitnəsinə uymamalıdırlar, heç uymayacaqlar da. Hamımız yaxşı bilirik ki, siyasi manipulyasiya ilə məşğul olan, populizm mərəzinə yoluxan, mağara təfəkkürlü radikal müxalifət təmsilçiləri hələ də qısır döngələrdə ilişib qaldıqlarından rəzil və zəlil duruma düşüblər.
Zahid Rza, “İki sahil”