Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına bəzi ciddi maneələr var ki, onlardan biri də Ermənistan konstitusiyasıdır. Bu konstitusiyanın bir çox maddələrində işğalçılıq, qonşu ölkələriə qarşı həyasız iddiaları hələ də qalmaqdadır. Ona görə də Azərbaycan dövləti haqlı olaraq sülh üçün həmin maddələrin ləğv edilməsini bir şərt kimi irəli sürür. Dekabrın 12- də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir: «Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb.»
Nazir qeyd edib ki, bundan əlavə, çox önəmli digər məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktıdır: «Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır»
Məlumdur ki, Ermənistanın mövcud konstitusiyasının məzmununda işğalçılıq və qatı şovinizm meyilləri var. Belə ki, hələ 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası «Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə»ni qəbul edib. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu Bəyannamə 12 bənddən ibarət idi. Bəyannamənin preampulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin «Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında» 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi bazası müəyyənləşdirilirdi. Həmin bəyannamənin 11-ci bəndində elan olunurdu: «Ermənistan Respublikası Osmanlı Türkiyəsi və «Qərbi Ermənistanda» (Türkiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə «erməni soyqırımı»nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.»
Göründüyü kimi, 1991-ci il Ermənistanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb. Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- konstitusiyasında da yer almışdır. Söhbət ondan gedir ki, Bəyannamə və konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddələr bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı illərdə konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir.
Xatırladaq ki, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir erməni rəsmisi Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənədə imza ata bilməz. Bu dəyişikliklər olmadan Azərbaycanla bağlanacaq müqavilə konstitusiya ilə ziddiyyət təşkil edəcək. 11-ci maddənin qalması isə Türkiyə ilə münasibətlərin qurulmasına mane olur. Ona görə də Ermənistan mövcud konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsini imzalaya bilməz.
Hətta 2009- cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzalanan protokollar Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olunmamışdı. Ermənistanda bu anormal maddələrin konstitusiyadan çıxarılmasını istəməyən revanşist qüvvələr bu tələbi Azərbaycanın növbəti diktəsi kimi qəbul edirlər.
Əslində isə Azərbaycan dövləti Ermənistan konstitusiyasındakı bu maddələri avantüra kimi qəbul edərək onların çıxarılmasını və bundan sonra sülh sazişi üçün masa arxasında oturmağı tələb edir. Bundan başqa, Ermənistanda dəyişikliklər yalnız konstitusiyada deyil, həm də dövlətin atributlarında, rəmzlərində də edilməlidir. Məsələn, Ermənistanın gerbindəki «Ağrı dağı» təsviri götürülməlidir. Hətta Paşinyanın özü çıxışlarında bildirmişdi ki, «Ağrı dağı» Ermənistanın sərhədləri daxilində deyil, onu Araqats (Ələyəz) dağı ilə əvəz etmək məqsədəuyğundur. Həmçinin Ermənistanın himnində «düşmən» ifadəsi yer alır. Burada açıq şəkildə qonşu Azərbaycan və türk xalqları nəzərdə tutulur. Belə nifrət ifadələrindən də mütləq şəkildə imtina edilməlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə hökumətin iclasında bildirib ki, ölkəsinə yeni geosiyasi və regional şəraitdə daha rəqabətli konstitusiya lazımdır. Bu dəyişikliklər olmasa, Ermənistan Azərbaycan və Türkiyə ilə heç bir sənədə imza ata bilməyəcək. Lakin görünür Paşinyanın bu fikirləri monoloqdan başqa bir şey deyil. Çünki o, hələ də özündə konstitusiya dəyişikliyi etməyə cəsarət tapmır.
Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır: «2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik.»
Prezident çıxışlarında Ermənistan hakimiyyətinə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac olmadığını da tövsiyə edib.Vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: «Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.»
Bu gün bölgədəki digər regional məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ancaq Ermənistan və havadarları hələ də sözügedən dəhlizin açılmasına mane olurlar. Xüsusilə Fransa, Hindistan və İran haylara boş vədlər verib onları Azərbaycana qarşı müharibəyə təhrik edirlər. Lakin Azərbaycan dövləti bu məsələdə qətiyyətli mövqe sərgiləyir. Prezident İlham Əliyev bu barədə deyib ki, şərtimiz aydındır: «Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir...»
Elçin Zaman, «İki sahil»