Ötən ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun keçirdiyi lokal antiterror tədbirindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan Qarabağ bölgəsini tərk etdilər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Buna görə haylardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək. Amma separatçıların, həmçinin Makron kimi “siyasətçi”lərin təsiri altına düşmüş haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Bununla demək olar ki, məsələ beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapdı.
Amma bu məlum fakta Çənubi Qafqaz regionundan xəbəri olmayan və yaxud bütün bunlardan xəbərdar ola-ola erməni maraqlarından çıxış edən bəzi dövlətlərin rəsmiləri, həmçinin beynəlxalq qurumlar ermənisayaq don geyindirməkdə davam edirlər. Məsələn, bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili, həmçinin Qarabağdan könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədilə konfrans keçirmək təklifi qəbul edilib. Ermənipərəst deputat Erix Fontobelin müəllifliyi ilə ərsəyə gətirilən “sənəd”də eyni zamanda bildirilir ki, İsveçrə Azərbaycanla Qarabağ ermənilərinin nümayəndələri arasında açıq dialoqa yardım etməlidir.
Qərbi Azərbaycan İcması, həmçinin Milli Məclis bu məsələdən təəssüfləndiyini bildirib. Bəzi məlumatlara görə, İsveçrənin xarici işlər naziri İqnazio Kassis ölkə parlamentarilərinin Qarabağ üzrə beynəlxalq konfransın çağırılması təşəbbüsünü rədd edib. Bildirib ki, Ermənistan və Azərbaycan bu münaqişəni həll etməlidir. Şübhəsiz, bu addım məsələyə olduqca real yanaşmadır. Bu fakt bir daha ondan xəbər verir ki, artıq Azərbaycan həqiqətlərindən hər bir dövlətin rəsmiləri, həmçinin qanunverici orqanların nümayəndələri xəbərdardırlar. Onlar yaxşı dərk edirlər ki, əslində dialoqa çağırılmalı Ermənistandır. Çünki XX əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə yüz minlərlə soydaşımız ata-baba yurdlarından zorla qovulub və ya deportasiya edilib. Erməni əsilli sakinlərin guya Qarabağdan deportasiya edilməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən isveçrəli ermənipərəstlər niyə bəs bu məsələni dillə gətirmirər? Bu da bir daha hələ də onların erməni lobbisinin pul kisələrindən əl çəkə bilmədikərindən xəbər verir. Yəni, isveçrəli parlamentarilər boş yerə qətnamə qəbul etmək sevdasına düşməyiblər. Bu da o deməkdir ki, Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri onların arxasında dayanırlar. Elə bu səbəbdən onlar müştərək anti-Azərbaycan fəaliyyətindədirlər.
Yeri gəlmişkən, Azərbaycan dəfələrlə soydaşlarımızın doğma yurdlarına qayıdışına şərait yaratmaq məqsədilə Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Prezident İlham Əliyevin “Russia Today” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirdiyi kimi, biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Şübhəsiz, bu, özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin, beynəlxalq qurumların azərbaycanlıların qayıdış hüququna biganə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir. Bu sırada İsveçrə parlamentinin bir qrup deputatının belə addım atması, bu məsələdə Fransa Prezidenti Makronla əlbir olması təəssüf doğurur. Halbuki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və sonuncu etnik təmizləmə dalğasında zorla qovulmuş 300 min azərbaycanlının qayıdışı prioritet məsələ kimi öz həllini tapmalıdır.
Bir məsələni də vurğulayaq ki, İsveçrə parlamenti Ermənistanın sürətlə silahlanması, revanşizmin yenidən baş qaldırması fonunda belə bir addım atır. Bu mənada baş verənləri təsadüfi olay kimi dəyərləndirmək sadəlövhlük olardı. Şübhəsiz, həmin deputatların belə bir ermənipərəst addımı, ölkəsinin bitərəf statusundan sui-istifadədən və regiondakı vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil. Bu isə olduqca utancvericidir.
Yeri gəlmişkən qeyd edək ki, İsveçrə 2003-cü ildə qondarma “erməni soyqırımı”nı rəsmən tanıyıb. Hətta qanunla İsveçrədə kimsə “erməni soyqırımı”nı inkar edə bilməz. Çünki inkar edənləri cərimə gözləyir.
Qvami Məhəbbətoğlu, “İki sahil”