22 dekabr 2024 23:52
235

Azərbaycan müstəqil xarici siyasət həyata keçirir

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2024-cü ildə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident Əliyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib və bu əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətini qeyd edərək, bu sənədin iki ölkə arasında əməkdaşlığın ən yüksək forması olduğunu bildirib.

Prezident Əliyev, həmçinin iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və qarşılıqlı səfərlərin COVID-dən əvvəlki səviyyəyə çatdığını qeyd edib. O, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin əhəmiyyətini vurğulayaraq, bu səfərin münasibətlərin müttəfiqlik xarakterini təsdiqlədiyini bildirib. Prezident Əliyev, həmçinin, Rusiya ilə Azərbaycanın Qafqaz və Xəzər regionunda qonşu dövlətlər olaraq, xarici siyasət prioritetlərinin bir çox cəhətdən üst-üstə düşdüyünü və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əmin olduğunu ifadə edib.

Sözügedən müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.

Prezident İlham Əliyevin müsahibəsi, həmçinin Azərbaycanın xarici siyasətinin müstəqilliyi, regional müttəfiqlik və təhlükəsizlik məsələləri ilə bağlı vacib açıqlamalarla zəngindir. Dövlət başçısının bu açıqlamaları ölkənin beynəlxalq arenadakı yerini və strateji hədəflərini daha dərindən dəyərləndirmək üçün önəmlidir.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürüdən bir ölkə olaraq qəbul edildiyini vurğulayıb. O, Azərbaycanı həm Rusiyanın, həm də NATO üzvü olan Türkiyənin müttəfiqi kimi dəyərləndirib. Bu vəziyyət Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı bir mövqe tutmasına imkan yaradır. Dövlət başçısının fikrincə, Azərbaycan bu müstəqil siyasətinə davam edəcək və gərginliyin azaldılması (detente) məsələsində öz töhfəsini verə bilər.

Mehriban Qadaşova,
Bakı şəhəri, Xətai rayonu 27 saylı tam orta məktəbin tarix müəllimi