24 dekabr 2024 10:50
379

Uğurlu 21 il: Güclü siyasət, böyük inkişaf

Hər bir azərbaycanlı üçün məlumdur ki, Azərbaycanın müasir tarixində Ulu Öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz.

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən, Onun siyasi kursunu mükəmməl səviyyədə davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental bəşəri prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və müstəqil  vətəndaşdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirdi. Bu gün ölkəmizin hərtərəfli inkişafını görən hər bir şəxs müstəqil müasir Azərbaycanın qurucusu və Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü il oktyabrın 1- də prezident seçkiləri ərəfəsində xalqa müraciətini xatırlayır: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

Bəli, tarix sübuta yetirdi ki, dahi Liderimizin dəyərli fikirləri həqiqəti əks etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev 21 illik prezidentlik fəaliyyəti dövründə bütün qüvvəsini xalqımızın və dövlətimizin maraqları naminə sərf etmiş və Azərbaycanı bütün sahələr üzrə inkişafın zirvəsinə qaldırmışdır. Xüsusilə qeyd etməliyəm ki, 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və rəşadətli Ordumuzun gücü nəticəsində tarixi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və Qalib xalq kimi tanıtdı. Bu uğurlu hərbi siyasət   2023-cü il Ermənistanın terror-təxribat aktına cavab olaraq, erməni terrorçuların bu daha biabırcasına məğlub edilməsi ilə davam etdirildi. 

Məhz bu cür uğurlu və müdrik fəaliyyətin nəticəsidir ki, xalq öz Liderinə etibar edir, keçirilən bütün seçkilərdə Onu dəstəkləyir. Cənab Prezidentin səsinə səs verən müzəffər xalqımız yeni tarix yazaraq xoşbəxt və firavan gələcəyə doğru addımlayır. Hər birimiz qürur hissi ilə qeyd edə bilirik ki, müstəqil, bütöv və güclü Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə xoşbəxt və firavan gələcəyə doğru uğurla addımlayır.

İlham Məmmədov, 

Milli Məclisin deputatı