24 dekabr 2024 12:17
348

Xalqın güvəndiyi Sərkərdə

Bu gün qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli  dövlət kimi  dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb.  Digər çox mühüm  məsələ odur ki, müasir dövrdə  dünyada cərəyan edən geopolitik  mürəkkəblikdə  Azərbaycan dövləti özünə yönəlik təhlükələri zamanında hiss eməklə ciddi önləyici tədbirlər həyata keçirir və nəticədə milli mənafelərimiz, daxili sabitliyimiz kifayət qədər  etibarlı qorunur. Təbii ki, qazanılan uğurlar Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin, milli mənafeləri daim öndə tutması bacarığının nəticələridir. Ölkəmizin başçısı ilk növbədə uğurlu daxili siyasətlə cəmiyyəti ölkənin maraqları, mənafeyi üçün səfərbər edir. Bu, çox önəmli haldır və xalq-iqtidar birliyinin təməl prinsipidir. Eyni zamanda, siyasətdə və dövlət idarəetməsində qətiyyətlilik Prezident İlham Əliyevə ölkəmizi hətta ən çətin hədəflərə çatdırmağa imkan verir.

Bu bir həqiqətdir ki, bir neçə il əvvəl ölkəmizin sahib olduğu neft kəmərlərinin dünya bazarlarına çıxışı üçün göstərilən təzyiqlərə rəğmən  Cənub Qaz Dəhlizi gerçəkləşdi. Məhz mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirdiyindən Azərbaycan Qərbə iqtisadi baxımdan daha geniş açılmaq niyyətindədir. Eyni zamanda, Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına  bir neçə il sədrlik etdi. Bu da çox ciddi geosiyasi uğur idi. Çünki həmin təşkilata üzv dövlətlər İkinci Qarabağ müharibəsində BMT-də dövlətimiz əleyhinə qətnamələrin qəbul edilməsinə çalışan Ermənistanı və onun havadarlarını yerindəcə susdurdular.

Prezidentimizin  geosiyasi uğurları 2024-cü ildə də zəngin olub.  Xüsusilə Bakıda  keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının (COP29) beynəlxalq əhəmiyyətliliyi  bir daha göstərdi ki, biz dünyanın mütləq çoxluğunun  bizim bəşəri və haqlı mövqelərimizlə həmrəy olmaq istəyini də yaratmağa qadirik. Xüsusilə sözügedən  beynəlxaq tədbirdə qəbul olunan dünya  əhəmiyyətli qərarlarla Azərbaycan yeni tarixi hadisənin memarı oldu.  Belə bir möhtəşəm qlobal konfransa ev sahibliyi etməklə dövlətimiz ekoloji sabitliyə sadiqliyini nümayiş etdirdi. Bununla da Azərbaycan dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirməyə nail oldu. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyildi,  həm də ümumbəşəri həmrəyliyin təsdiqi idi.

Prezident İlham Əliyev cənablarının  fəaliyyəti dövründə Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkənin hərtərəfli inkişafını təmin etmək üçün bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirmişdir. Onun liderliyi dövründə ən böyük tarixi hadisələrdən biri 2020-ci ildə Ermənistan üzərində qazanılan tarixi Zəfər olmuşdur. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu Zəfər təkcə hərbi sahədə deyil, həm də siyasi və diplomatik cəhətdən Azərbaycan üçün əhəmiyyətli dönüş nöqtəsi idi.

Müzəffər  Ali Baş Komandanımız müharibə dövründə beynəlxalq platformalarda Azərbaycanı böyük əzmlə müdafiə edərək dünya ictimaiyyətini dövlətimizin haqlı mövqeyinə inandırdı. Şuşanın azad edilməsi isə Azərbaycanın tarixi-mədəniyyət paytaxtını geri qaytarmaqla xalqımız üçün milli qürur simvoluna çevrildi. Bununla qalib xalqın qalib Lideri ölkə daxilində və xaricində bir daha böyük nüfuz qazandı. Xüsusilə 2023-cü ildə Azərbaycan Qarabağda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi və ölkə ərazisində dövlət suverenliyinin tam təmin olunması üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bu əməliyyat qısa müddət ərzində uğurla başa çatdırıldı və bölgədə davamlı sülhün bərpasına zəmin yarandı. Prezident İlham Əliyev bu hərbi əməliyyat zamanı da diplomatik və hərbi balansı qoruyaraq beynəlxalq ictimaiyyətin dəstəyini qazandı. Məhz müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün Böyük Qayıdış Proqramı elan edildi. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli abadlıq-yenidənqurma işləri həyata keçirilir.

Xalqımızın möhtərəm Prezidentimizə dəstəyi 2024-ci il fevralın 1-də keçirilən prezident seçkilərində növbəti dəfə öz əksini tapdı. İlk dəfə suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanın bütün ərazilərində keçirilən bu Zəfər seçkiləri qalib xalqın Lideri İlham Əliyevin siyasətinə və idarəçilik bacarığına olan yüksək etimadını bir daha göstərdi. O, seçkilərdən sonra ölkəmizdə davamlı islahatların aparılacağını və dövlətimizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiriləcəyini vəd etdi və hazırda bu istiqamətlərdə bütün işlər ardıcıl olaraq həyata keçirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın 2024-cü ildə D-8 təşkilatına üzv qəbul edilməsi dövlətimizin iqtisadi və siyasi əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar açır. Azərbaycan həm də enerji təhlükəsizliyi, nəqliyyat və ticarət sahələrində beynəlxalq əməkdaşlığın inkişafında strateji rol oynamağa davam edir. Təbii ki, belə bir qətiyyətli liderlə Azərbaycanın   daha böyük uğurlarının davamlı olması reallıqdır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri