27 dekabr 2024 00:58
133

Ölkədə ərzaq bolluğu yaratmaq üçün…

Dövlətin fermerlərə maliyyə və texniki dəstəyi, vergi güzəştləri kəndlinin  işgüzarlığına stimul verir

Azərbaycan hələ də bəzi kənd təsərrüfatı məhsullarını idxal etməkdədir. Xüsusilə ölkə əhalisinin taxıl, ət və süd məhsulları və bəzi meyvələrlə təminatının 45- 50 faizi idxal məhsulları ilə reallaşır. Bəs biz bu və digər kənd təsərrüfatı məhsulları ilə özümüzü niyə tam həcmdə təmin edə bilmirik? Axı Cənubi Qafqazda ən məhsuldar torpaqlara, zəngin su ehtiyatlarına  malik ölkələrdən biriyik. Hətta Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yüz min hektarlarla torpaqlarımız indi kənd təsərrüfatına yararlı hala gətirilir. Artıq postmüharibə dövründə həmin torpaqlarda da kənd təsərrüfatı məhsullarının istehsalına başlanılıb. Xüsusilə burada yaradılan bir neçə aqroparkda kənd təsərrüfatı məhsullarının yığımı da reallaşıb.

Digər önəmli məsələ kimi fermerlərə ərzaq bolluğunun yaradılması istiqamətində göstərilən dövlət dəstəyi də hər il artırılır. Xüsusilə ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir.  Belə ki, son bir ildə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri xeyli artıb. Fermerlər ötən il adı çəkilən fonddan 4 milyon manat həcmində sığorta ödənişi alıblar ki, bu da 2021–2022-ci illərdəki vəsaitdən 2 dəfə çox olub. Eyni zamanda, son illər fermerlərə tətbiq olunan güzəştlərin həcmi genişlənib. Güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqlar idxal rüsumundan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunur.

Bundan başqa, ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir. Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.

Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidenti 2022-ci il iyulun 9-da  «Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərman imzalayıb. Fərmana əsasən, ərzaqlıq buğdanı Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verən fermerlərə subsidiyalar  ödənilir.  Fermerlərə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə kənd təsərrüfatı texnikası parkı yenilənib, aqrotexniki xidmətlərə əlçatanlıq təmin edilib. Toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfatı sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Vergi Məcəlləsində son dəyişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib. Qeyd edək ki, bütün bu güzəştlər xüsusən də heyvandarlığın inkişafına öz təsirini göstərəcəkdir. Vergi güzəştləri həm də ölkədə istehsal edilən mal, qoyun və quş ətinin bahalaşmasının qarşısını almağa hesablanıb. Sözügedən məcəlləyə edilən digər bir dəyişikliyə əsasən, cari ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin də müddəti də  2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Ölkəmizdə ərzaq təhlükəsizliyindən bəhs edərkən bir məsələni də vurğulamaq lazımdır. Ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanətinın verilməsində meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Belə ki, son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.

Aqrar sahədə həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində 2023-cü illə müqayisədə 2024-cü ildə müəyyən artım göstəriciləri qeydə alınıb. Məsələn, statistik rəqəmlərə diqqət yetirəndə görürük ki, hesabat dövründə respublikada təqribən 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu rəqəm 2023-ci illə müqayisədə 3,1 faiz çox olub.

Bütün bunlara rəğmən demək olar ki, dövlətimizin  fermerlərə göstərdiyi maliyyə, hüquqi və texniki dəstək genişdir. Bundan sonrası  qalır Azərbaycan kəndlisinin işgüzarlığına  və torpağa bağlılığına…   

Elçin Zaman, «İki sahil»