Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri ciddi şəkildə diqqətə almalı və bilməlidir ki, həmin şərtlər yerinə yetirilməyəcəyi təqdirdə Bakı İrəvanla sülhə razılaşmayacaq
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bir çox məqamlara toxunduğu kimi, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də münasibət bildirdi. Ölkəmizin lideri məsələ barəsində söz açarkən, iki mühüm məqamın üzərində dayandı ki, əslində, bu mövqeyi əvvəllər də səsləndirmişdi. Prezidentin hazırda həmin məsələləri yenidən gündəmə gətirməsi isə Azərbaycan dövlətinin məsələyə prinsipial və qətiyyətli yanaşmasından geri çəkilməyəcəyinin növbəti sübutudur.
Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Belə ki, sülh üçün ilkin və əsaslı şərt məhz budur Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir.
Məlum olduğu kimi, Ermənistanın Konstitusiya Məhkəməsi bir neçə ay əvvəl ölkənin müstəqillik Bəyannaməsinin ali qanunda yer almayan müddəalarının etibarsız sayılmasına dair qərar çıxardı. Rəsmi İrəvan bunu Bakının tələbinin yerinə yetirilməsi kimi qiymətləndirir. Məsələ barədə N.Paşinyan bir neçə dəfə söz açıb və bildirib ki, belə bir qərardan sonra konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Halbuki, onun yanaşması yanlışdır. Əvvəla, Ermənistan konstitusiyası müstəqillik Bəyannaməsinə istinad yüklüdür. Yəni, bir məhkəmə qərarı bunun əksini iddia etmək ümün əsas götürülə bilməz. Çünki istənilən an həmin qərar, belə demək mümkünsə, asan mübahisələndirilə bilər. Durumu Ermənistan iqtidarı da çox gözəl bilir. Azərbaycan problemə köklü yanaşır. Bu yanaşma ona görədir ki, ölkəmiz Ermənistanın gələcəkdə Azərbaycana qarşı heç bir iddiaya düşməyəcəyi ilə bağlı maksimal təminat verməlidir. Belə təminat isə konstitusiya dəyişikliyindən keçir. O dəyişiklikdən ki, erməni xalqının iradəsi ilə referendum yolu ilə gerçəkləşməlidir. Yəni, Ermənistan dövləti və xalqı Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını ən yüksək səslə bəyan etməlidir. Amma bunu etmir.
Digər məqam isə vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir məfhum mövcud olmadığı üçün belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 25-də keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in Minsk qrupu aktuallığını itirib:” Minsk qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib. Onlar bunu təşəbbüskarcasına ediblər. Bundan başqa, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”.
Zaxarova qeyd edib ki, bu proses qərbin Minsk qrupu formatının işini bloklaması ilə başlayıb: “Daha sonra isə reallıqda dəyişikliklər baş verib. Deməli, Minsk qrupunun bütün strukturları: Minsk qrupu, Yüksək səviyyəli plaşlaşdırma qrupu, ATƏT sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi postu ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarın qəbul edilməsi üçün optimal yol Bakı və İrəvanın qeyd olunan institutların ləğv edilməsi üçün birgə təkliflə çıxış etməsidir”.
Nə ATƏT, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Paralel olaraq İrəvanın Fransa, Yunanıstan və Hindistan kimi ölkələr tərəfindən silahlandırılması sülhə qarşı demarş sayıla bilər.
Məhz bu kimi amillər 2024-cü ilin sülh ili olmasına maneçilik yaratdı. Halbuki, rəsmi İrəvanın ortaya qoyacağı qətiyyət bu məsələnin həllini daha da tezləşdirə bilərdi. Bütün bu məsələlər həll edilsə, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Bu səbəbdən də yaxşı olar ki, İrəvan destruktiv açıqlamalardan və fikirlərdən, əməllərdən xüsusilə silahlanmadan uzaq dayanıb, sülhün imzalanması üçün təşəbbüs göstərsin. Çünki sülh prosesinin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar sayəsində müəyyən irəliləyişlərə nail olunması daha çox Ermənistan üçün perspektiv vəd edir. Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün əsasa çevrilir. Bu isə Ermənistan üçün olduqca mühümdür. Çünki bu ölkə məhz Azərbaycanla münasibətlərin normallaşması nəticəsində regionun ümumi inkişaf tempinə inteqrasiya edə biləcək.
Yaqut Ağaşahqızı, “İki sahil”