Ulu Öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyəti ilə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir.
Həmrəylik Gününü, hətta, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var ki, bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində mühüm tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini nəsillərdən-nəsillərə ötürürlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirir.
Vətən tariximizdə XX əsrin sonu sarsıntılı hadisələrin ardıcıllığı ilə yaddaşlarımızda qaldı. Erməni təcavüzü nəticəsində torpaqlarının 20%-ni itirən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin ətrafında qətiyyətlə və sıx birləşərək Dəmir Yumruğa çevrildi. Bu “Dəmir Yumruq” 44 günlük Vətən müharibəsində mənfur düşmənin başını əzərək, onu Azərbaycan torpaqlarından çəkilməyə və təslim olmağa məcbur etdi. Bu tarixi Zəfər xalq – iqtidar birliyinin, Azərbaycan millətinin həmrəyliyinin təntənəsi idi. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz millətimizin birliyini, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 2022-ci ilin mühüm hadisəsi olan Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan birliyimizi dünyaya nümayiş etdirdi. Vətən, torpaq sevgisi, Vətənə bağlılıq bu birliyi möhkəmləndirən əsas amillərdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında daim bu məqam xüsusi qeyd edilir ki, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdır.
Xalqımızın son illərdə əldə etdiyi uğurlar, nailiyyətlər milli təəssübkeşliyin və milli həmrəyliyin nəticəsidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq bu qələbəni tariximizə qızıl hərflərlə yazdıq. Bununla bərabər qarşımızda mühüm tarixi vəzifələr dayanır. Məhz sarsılmaz həmrəyliyimiz sayəsində bütün tarixi vəzifələri icra edəcəyik.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri