İstər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qərar bundan ibarətdir ki, pilotlar həmin anda, həmin məqamda mümkün olan ən optimal enişi etməklə onlarla insanın həyatını xilas ediblər.
“İki sahil” xəbər verir ki, bunu bu gün Azərbaycanın rəqəmsal və inkişaf naziri Rəşad Nəbiyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Təyyarənin kapitanı İqor Kşnyakin və pilot Aleksandr Kalyaninovun və təyyarə bələdçisi Hökümə Əliyevanın cəsarəti, peşəkarlığı, şücaəti yalnız Azərbaycan mediasında deyili, eyni zamanda, beynəlxalq mediada da geniş şəkildə işıqlandırılır.
Sözün əsl mənasında, dünya bizim pilotların, aviasiyanın hazırkı səviyyəsinə qibtə ilə baxır. Biz hesab edirik ki, pilotlarımızın göstərdiyi şücaət, Azərbaycanın qəhrəmanlıq səhifəsində yeni iz buraxıb. Onların adı yalnız Azərbaycan aviasiyasına deyil, dünya aviasiya tarixinə qızıl hərflərlə yazılacaq", - o qeyd edib.