30 dekabr 2024 12:05
168

Azərbaycan dövlətinin mövqeyi qəti, aydın və ədalətlidir - EKSPERT

Azərbaycan Prezidenti cənab İlham Əliyev aviaqəzada həyatlarını itirmiş və qəhrəmanlıqları şücaətləri sayəsində 29 insanın həyatını xilas etmiş AZAL pilotlarının və ekipajın ekipaj üzvü ilə vida mərasimində iştirak edib və o, Azərbaycan televiziyasına müsahibə verib. Bu müsahibəsi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə məqamlara yenidən toxunub və Azərbaycan xalqının, Azərbaycan dövlətinin bu məsələdə narahatlıqlarını bir daha ifadə etdi. Azərbaycan Prezidenti bir daha açıq şəkildə bəyan etdi ki, bəli, bu hadisə məqsədli şəkildə bilərəkdən törədilməyib. Bu terror hadisəsi terror aktı deyil. Amma belə bir faciə baş verib. Bunu ört basdır etməyə çalışsalar da, Azərbaycan buna imkan verməyib və bundan sonra da imkan verməyəcək. Eyni zamanda, Azərbaycan Prezidenti prosesin araşdırılması, qəzaya səbəb olan faktların üzə çıxarılması prosesini, rusiyalı ekspertlərə, Rusiyanın rusiyalı vətəndaşların rəhbərlik etdiyi qrupa komissiyaya etibar etmədiyini bəyan etdi. Ona görə də ilk gündən məhz beynəlxalq ekspertlərin iştirak etdiyi bir qrupun yaradıldığını və məhz bu qrup üzvləri tərəfindən prosesin tam obyektiv araşdırılacağını, bütün detallar barədə azərbaycan xalqına, azərbaycan ictimaiyyətinə məlumat veriləcəyini və verildiyini bəyan etdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Anar Əliyev bildirdi. 

Politoloq qeyd etdi ki, eyni zamanda, Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, bizim Rusiya tərəfindən bir neçə gözləntimiz mövcuddur. Bu günahın etiraf olunması üzr istənməsi, eyni zamanda, günahkarların obyektiv şəkildə üzə çıxarılması və cəzalandırılması, eyni zamanda, Azərbaycan dövlətinə və Azərbaycan vətəndaşlarına, daha doğrusu, qəzada zərər çəkmiş, sərnişinlərə həyatlarını itirmiş şəxslərin ailələrinə və yaralanmış şəxslərə təzminatın ödənilməsi ilə bağlıdır. Hesab edirəm ki, Rusiya Federasiyası prezidenti Vladimir Putinin bir gün əvvəl və dünən Azərbaycan Prezidenti ilə telefon danışığı aparması, üzr istəməsi bu tələblərimizdən birinin yerinə yetirildiyini ifadə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu bəyan etdi. Amma təbii ki, istintaq davam edir, "qara qutu"lar oxunur, bu proses davam edir və hesab edirəm ki, tam obyektiv şəkildə ədalətli şəkildə istintaq yekunlaşdıqdan sonra bütün qaranlıq məqamlara aydınlıq gətiriləcəkdir və Rusiya tərəfi rəsmən üzr istəyib, məsuliyyətini etiraf edəcək. Günahkar şəxslərin cəzalandırılması istiqamətində addım atacaq və üzərinə düşən məsuliyyətə həssaslıqla yanaşaraq təzminat məsələsini də vaxtında yerinə yetirəcək.

Ekspert vurğuladı ki, Azərbaycan dövlətinin və Liderinin bu məsələdə mövqeyi qəti və aydındır, ədalətlidir. Hesab edirəm ki, hər birimiz kifayət qədər narahatlıqla izlədiyimiz bu məsələdə yenə də dövlətimizin və Prezidentimizin yanında olmalıyıq, Ona etibar etməliyik və hesab edirəm ki, bu günə qədər olduğu kimi, bu hadisədə də və bundan sonra da Azərbaycan dövləti, onun Lideri cənab İlham Əliyev xalqımızın maraqlarının təmin olunması istiqamətində bütün zəruri addımları atıb, atır və atacaqdır.

Səbinə Kazımova, “İki sahil”