2025-ci ildə Cənubi Qafqaz üçün ən mühüm perspektiv sülhdür. Təəssüflər olsun ki, bu regionda möhkəmlənməyə çalışan Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlara müdaxiləyə cəhd etməklə, Cənubi Qafqazda qarşılıqlı faydalı münasibətlərin formalaşmasına mane olur. Bu məqsədlə rəsmi Paris İrəvanı fəal şəkildə silahlandırır, eyni zamanda, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat kommunikasiyalarının açılmasına yönəlmiş istənilən təşəbbüsə qarşı çıxır. Bununla kifayətlənməyən rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın dövlət başçısından, xarici işlər nazirindən bu ölkənin İrəvandakı səfiri Olivye Dekotiniyə qədər Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədirlər. Digər tərəfdən, Fransanın bir sıra kütləvi informasiya vasitələri də Azərbaycana qarşı böhtan və iftiralar səsləndirməklə rəsmi Parisin qərəzli mövqeyini ifadə edir.
Eyni zamanda, Fransa parlamenti də Azərbaycana qarşı qərəzi ilə xüsusi fərqlənir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bu ölkənin parlamentinin hər iki palatasında qəbul edilmiş sənədlər bunun göstəricisidir. Belə ki, həmin sənədlərdə Azərbaycan əsassız olaraq ittiham edilir, Ermənistana və Qarabağda mövcud olmuş erməni separatçılarına açıq dəstək verilir. Bütün bunların beynəlxalq hüquq normalarına zidd olmasına baxmayaraq, Fransa parlamenti ölkəmizə qarşı qərəzindən əl çəkmək istəmir. Bu prosesdə parlamentin ayrı-ayrı üzvləri də “fəal” rol oynayırlar.
Bu yaxınlarda Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib. Müsahibəsində bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçi, digər tərəfdən suveren ölkə adlandırdığı Hayastana Azərbaycanla danışıqlarda hansı mövqedən çıxış etməli olduğuna dair ağıl öyrədir. N.Luazo Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqazidd yanaşmasını bir daha ortaya qoyur. Bütün bunlar Natali Luazonun məsələyə irqi əsasda ayrı-seçkiliklə yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu, həmçinin ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün ilk illərində Qərbi Azərbaycandan və işğal olunmuş ərazilərimizdən qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi əsassız olaraq Qarabağda az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Eləcə də Fransa Avropa İttifaqının Müşahidə Missiyası adı altında öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olur.
Qeyd etməliyik ki, Fransanın hazırki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır.
Bir mühüm nüans unudulmamalıdır ki, Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da Azərbaycanın geosiyasi mövqeyi, beynəlxalq arenada günü-gündən artan nüfuzu bu regionda marağı olan güclərin ölkəmizlə hesablaşmasına zəmin yaradır.
Heç kəsə sir deyil ki, Fransa müasir dünyamızda yeni müstəmləkəçilik siyasətini həyata keçirir. Özü tarixən müstəmləkəçi dövlət olub. Onun Qərbi Afrikada törətdiyi cinayətlər hər kəsə bəllidir. Əlcəzairdə soyqırımı siyasətini həyata keçirib. Bu gün də Fransa eyni siyasəti davam etdirir. Dənizaşırı ölkələrdə Fransanın yeritdiyi siyasət ucbatından bu gün sözün həqiqi mənasında həmin ərazilərin insanları çox böyük fəlakətlərlə üz-üzə qalıb. Xüsusilə rəsmi Parisin Yeni Kaledoniyada törətdiyi cinayət bütün bəşəriyyətə bəllidir. Ölkəmiz haqlı olaraq Fransanın apardığı müstəmləkəçilik siyasətinə qarşı dünyanın dörd bir yanında haqq səsini qaldıran xalqların hüquqları ilə bağlı mövqe bildirərək, beynəlxalq tribunalardan rəsmi Parisin neokolonializm siyasətini tam çılpaqlığı ilə ifşa edir. Makron hökumətinin diqqətinə çatdırılır ki, müstəmləkə siyasəti və ya yerli xalqlara qarşı aparılan hüquqa zidd addımlar heç bir halda Fransanın daxili işi hesab oluna bilməz. Azərbaycan məhz bu səpkili fəaliyyətlə əslində insan hüquq və beynəlxalq hüququn təməl prinsiplərini müdafiə edir.
Dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransanın istər müstəmləkə altında saxladığı xalqlara, istərsə də elə sadə fransızlara qarşı həyata keçirdiyi siyasət Makron hakimiyyətinin eybəcərliyini bütün çılpaqlığı ilə ortaya qoyur. Bu səbəbdən,Fransada açıq şəkildə etiraf olunur ki, Makron ölkənin rəmzi olmaq şərəfini itirib. Daxili və xarici siyasətdəki uğursuzluqlar, parlamentdə impiçmentinə cəhdlər göstərilməsi, cəmiyyətin onu iqnor etməsi, müxtəlif görüşlərdə insanların onun ünvanına nalayiq sözlər söyləmələri, sifətinə sillə vurmaları, tez-tez yumurta atəşinə “qonaq” etmələri, gözlənildiyi kimi, Yelisey Sarayının sahibində özünəinam hissini azaldıb və müəyyən komplekslər yaradıb. Fransanın gündəlik qəzeti olan “Le Figaro”nun sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 61 faizi hazırkı dövlət başçısının istefasını istəyir. 2024-cü il Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasında ən uğursuz illərdən biri olub, desək heç də yanılmarıq.
Göründüyü kimi, Fransanın həm daxili, həm də xarici uğursuzluqlara düçar olub. Makron diktaturası yaxşı olar ki, Cənubi Qafqazda suları bulandırmaq əvəzinə öz daxilindəki problemlərin həlli üçün baş sındırsın.
Yaqut Ağaşahqızı, “İki sahil”