09 yanvar 2025 15:46
116

Yeni dünya nizamı və Azərbaycan: hədəflər reallığa çevriləcək

Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasətinə dair mühüm məsələləri diqqətə çatdırdı. Müsahibədə, xüsusilə praqmatik enerji siyasəti, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklər, strateji yanaşmalar fonunda yeni hədəflər vurğulandı.

Cənab İlham Əliyev Azərbaycan-Fransa münasibətlərində son illərdəki gərginliyin səbəblərini geniş şəkildə açıqladı. Dövlət başçısı qeyd etdi: “Bizim onlarla bölüşə bilməyəcəyimiz heç nə yoxdur, onlara qarşı, necə deyərlər, bu ölkəyə münasibətdə heç bir iddiamız yoxdur. Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər”.

Fransa ilə heç bir münaqişə yaşanmadığı halda, bu dövlətin, xüsusən də Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməyə çalışması qəbul edilə bilməz. Azərbaycanın mövqeyinə əsasən, suverenlik prinsiplərinə hörmət edilməsi və xarici qüvvələrin daxili işlərə qarışmaması tələb olunur. Bu yanaşma müstəqilliyi qorumağa və beynəlxalq hüquq çərçivəsində daxili və xarici siyasətin sərbəst aparılması hüququnu təmin etməyə yönəlmişdir. Həmçinin bu mövqe təkcə Fransa ilə deyil, regiondakı digər dövlətlərə qarşı eyni prinsipin tətbiqini tələb edir. Yalnız qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət daha sağlam və uzunmüddətli sülhə gətirib çıxara bilər. Həmin amillər dövlətimizin beynəlxalq və regional səviyyədə mövqeyini daha da gücləndirir.

Enerji siyasəti, xüsusən də qaz ixracı ilə bağlı müzakirələr Prezident İlham Əliyevin müsahibəsində diqqət mərkəzində oldu. Azərbaycanın Avropa bazarına qaz ixracını artırması enerji siyasətində mühüm addımlardan biridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür”.

Azərbaycanın qaz ixracı, xüsusilə Avropa İttifaqı ölkələrinə istiqamətlənən təchizat strateji önəmə malikdir. Bu faktorlar həm tərəfdaşlara ciddi dəstək, həm də dövlətimizin beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndirilməsini təmin edir. Qaz ixracının coğrafiyasını genişləndirmək və digər Avropa dövlətləri ilə danışıqlar aparmaq kimi perspektivli planlar Azərbaycanın enerji siyasətinin diversifikasiya edilməsini və qlobal enerji bazarlarında daha böyük rol oynamasını hədəfləyir. Bu yanaşma, həmçinin Azərbaycanın enerji təhlükəsizliyini  gücləndirmək və qlobal enerji xətlərindəki strateji əhəmiyyətini möhkəmləndirmək məqsədini daşıyır.

Yeni dünya nizamı formalaşarkən beynəlxalq əlaqələrin ədalətli və qarşılıqlı hörmətə əsaslanması vacibdir. Prezident İlham Əliyev bu baxımdan Azərbaycanın regionun aparıcı dövləti kimi xüsusi çəkiyə malik olduğunu vurğulamışdır. Azərbaycanın xarici siyasəti məhz bu prinsipə əsaslanır, ölkəmiz heç bir digər ölkənin daxili məsələlərinə qarışmır. Cənubi Qafqazın mühüm geosiyasi mövqeyi nəzərə alındıqda Azərbaycanın Orta Asiya ilə Avropanın geostrateji kommunikasiyasında mərkəzi rol oynaması dövlətimizin regional və qlobal əhəmiyyətini daha da artırır.

Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlərdə strateji məqsədlərini nümayiş etdirir. Azərbaycanın yeni dünya nizamının formalaşmasında oynadığı aktiv rol dövlətimizin cari və gələcək xarici siyasətinin əsas istiqamətlərini ortaya qoyur. Bu, Azərbaycanın beynəlxalq arenada daha güclü və nüfuzlu bir mövqe əldə etməyə yönəlmiş yeni hədəflərini əks etdirir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı