Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım faktlarını etiraf edib. O, 1993-cü il “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun “600 illik problem” olduğunu bildirib.
Petrosyan, Qərbi Azərbaycandakı üç rayonda - Vardenis, Masis və Amasyada, eyni zamanda Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etdiyini də etiraf edib. Onun qənaətincə, bu fakt Zəngəzuru, şimal-şərq rayonları, Göyçə gölünün sahillərini “qorumaqla bağlı çətinliklər yaradırmış”. Onun fikirlərindən aydın olur ki, adıçəkilən ərazilərdə bir neçə muxtariyyət yarana bilərdi. Amma silah gücünə azərbaycanlıların qovulmasına nail olunub və “bu problem həll edilib”. Bu, Azərbaycan xalqına qarşı nifrətin və işğalçılıq siyasətinin açıq etirafıdır. Petrosyanın bu etirafı Ermənistanın azərbaycanlıları qovmaq hesabına monoetnik ölkə yaratmaq siyasətini bir daha təsdiqləyir. Əslində Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququna mane olan Ermənistan bu gün də eyni cinayətkar siyasətini aparır.
Sözügedən videoda Ter-Petrosyanın, həmçinin Sumqayıt və Bakıdakı qırğınlara dair də etirafı var. O, bildirib ki, “bu qırğınlar ermənilərin Ermənistana kütləvi köçünü təşkil etmək və ölkə əhalisinin sayını artırmaq məqsədilə edilib.”
Göründüyü kimi, sözdə özünü “demokrat” adlandıran Petrosyanın faşist niyyəti digər sabiq prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Valla müsahibəsində Xocalı soyaqırımı ilə bağlı etirafından zərrə qədər fərqlənmir. Sarkisyan öz etirafında “stereotipi qırdıq” söyləməklə mülki azərbaycanlılara qarşı soyqırım törədikləri üçün öyündüyü kimi, Petrosyan da “azərbaycanlılarsız Ermənistan və azərbaycanlılarsız Qarabağ” ideologiyası ilə öyünür və bunun erməni milli hərəkatının əsas hədəfi olduğunu etiraf edirdi.
İşğalçı ölkənin sabiq prezidentləri bu sözləri ilə bir daha Ermənistanın tarixən soydaşlarımıza qarşı etnik təmizləmə apardığını, onların faktiki olaraq silah gücünə qovulduğunu bildirib. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımı törədiblər. Təkcə bir faktı xatırladaq ki, 1992-ci il fevralın 26-da erməni cəlladları Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini müsahibələrində, yazılarında dünyaya bəyan etməkdən də çəkinməyiblər.
Levon Ter-Petrosyanın məlum videoçıxışında təcavüzkar ölkənin məqsədinin Azərbaycan əraziləri hesabına “böyük Ermənistan” yaratmaqdan ibarət olduğu açıq-aydın göstərilib. Digər tərəfdən, bu videoçıxışda Petrosyanın digər eks-prezidentlər - Robert Koçaryan, Serj Sarkisyandan heç nə ilə fərqlənməyən əsl faşist təfəkkürü sərgilənib. Şübhəsiz, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları - Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması, layiqli cəzalarını almaları üçün tam əsas verir.
Petrosyan başda olmaqla Ermənistan rəhbərlərinin məkrli planları məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən iflasa uğradıldı. Qondarma demokratların, terrorçu səhra komandirlərinin planları darmadağın edildi. Tarixi torpaqlarımız 30 ilə yaxın davam edən işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Şəmsiyyə Əliqızı, “İki sahil”