Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi.
2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq. Səmimi desəm, buna qədər biz prosesdə o qədər də fəal iştirak etmirdik. Bu işdə uğura nail olmaqda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında olan etimadsızlıqdır - ətraf mühiti ən çox çirkləndirən ölkələr və bundan əziyyət çəkən ölkələr. Biz disbalansı görürük – iqlim dəyişikliyi nəticəsində bəzi ölkələrin mövcudluğu təhlükə altındadır. Emissiya baxımından onların payı 0.1 faizdir, lakin onların, xüsusilə də kiçik ada dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır.
COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.
Bundan başqa da mühüm təşəbbüslər oldu – Azərbaycanın irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Bizim bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir. Digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və gələcək COP-a ev sahibliyi edən ölkələr arasında “Troyka” mexanizmidir. Bu, bir sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq – COP28 BƏƏ Konsensusunu nəzərdə tutulur. Biz onların təcrübəsindən istifadə etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın əldə etdiyi uğura uğur əlavə olunacaq.
Bizim yaşıl gündəliyimiz daha bir mövzudur. Bu, tamamilə qlobal yaşıl keçid və yaşıl gündəliyə uyğundur. Biz artıq bir çox işlər görmüşük və yaxın gələcəkdə nəzərdə tutulmuş çoxsaylı layihələrimiz var.
Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi ,
YAP Xətai rayon təşkilatının "Neapol 8A" ünvanı üzrə ərazi partiya təşkilatının sədri