Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüş zaman Prezident İlham Əliyev ekipaj üzvlərinin qəhrəmanlığını xüsusi olaraq qeyd edib. Bildirib ki, “doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir”.
Cənab Prezident həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini qəbul edərək Azərbaycan dövlətinin hər zaman onlarla olacağını bəyan edib və yüksək mükafatları şəxsən təqdim edib. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə ekipaj üzvlərinin ailələri və sağ qalmış ekipaj üzvləri ilə daimi əlaqə saxlamaq və onları narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.
Ömər Bağırlı,
YAP Xətai rayon təşkilatının könüllüsü