Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində (4SİM) 2024-cü ildə müxtəlif təcrübə proqramlarında iştirak edən məzunlarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tələbələri salamlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2024-cü ildə qurumun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində təcrübə proqramlarında iştirak edən gənclərə səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.
Qeyd olunub ki, ümumilikdə 9 universiteti təmsil edən təcrübəçilər süni intellekt ilə bağlı müxtəlif pilot həllər, o cümlədən “Milli iqtisadiyyatın data portalı” və “Milli iqtisadiyyatda sənaye 4.0 texnologiyalarının tətbiqinə dair uğurlu həllər” layihələrinə öz töhfələrini veriblər.
Gənclər həmçinin il ərzində 4SİM-in təşkilati dəstəyi ilə həyata keçirilən “İnMerge” İnnovasiya Sammiti, “Baku İD”, “Edu Expo 2024”, o cümlədən COP29 və digər tədbirlərdə fəal iştirak ediblər.
Tədbirdə həmçinin qeyd olunub ki, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə əməkdaşlıq çərçivəsində yerli tələbələrə yönəlik “ArcGİS" layihəsinə start verilib. Həmçinin, “Coursera” şirkəti ilə “4Sİ Akademiyası” layihəsinn pilot mərhələsi uğurla başa çatıb və hazırda “Milli proqram” layihəsinin başlaması üçün son hazırlıq işləri görülür. Bildirilib ki, 2025-ci ildə ildə planlaşdırılan layihələr sırasında “Binance” şirkəti ilə “Binance Academy” layihəsi çərçivəsində blokçeyn texnologiyaları sahəsində təlimlər, “Apple” şirkəti ilə sənaye 4.0 texnologiyaları sahəsində tədris layihəsi və s. təşəbbüslərin icra olunması nəzərdə tutulur.
Tədbirin sonunda tələblərə 4SİM adından sertifikatlar təqdim olunub.