Gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində ötən il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və bu faktlar üzrə, ümumilikdə 379 kiloqram 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
“İki sahil” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, aşkar edilən narkotiklərin 314 kiloqram 989 qramını marixuana, 28 kiloqram 755 qramını həşiş, 25 kiloqram 570 qramını heroin, 6 kiloqram 214 qramını tiryək, 583,491 qramını metadon, 2 kiloqram 667 qramını metamfetamin, 330 qramını kalium permanqanat, 6,55 qramını zolpidem, 5,98 qramını klobazam və digər maddələr təşkil edib.
2024-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 96 nəfər barəsində müvafiq tədbir görülüb.
Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 98,3 faizi (372 kiloqram 768 qram) cənub sərhədlərindən Azərbaycan ərazisinə keçərkən aşkarlanıb. 2024-cü ildə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin 90,2 faizi (342 kiloqram 267 qram) Azərbaycan ərazisindən tranzit keçirilməsinə cəhd zamanı aşkar edilib.