Ermənistanın sərhədin bir neçə istiqamətində atəşkəsi pozması sülh gündəliyi ilə bağlı bu ölkənin radikal mövqeyinin göstəricisidir. İl yeni başlayıb, bütün diqqətlər sülh müqaviləsi ətrafında baş verəcək hadisələrə yönəlib. Amma qarşı tərəf sülhdən daha çox müharibəyə hazırlaşır. Sərhəddə təxribatların intensivləşməsi bunu bir daha təsdiqləyir. Üstəlik, Ermənistan sərhəddə gərginlik yaratmaqla Avropa İttifaqının “mülki missiyası”nın regionda fəaliyyət müddətinin uzadılmasına çalışır. Ermənistan bu cür təxribat və gərginliklər yaratmaqla Aİ missiyasına “ehtiyac var” görüntüsü yaratmağa çalışır. Yəni, Ermənistan sülh istiqamətində addım atmaq əvəzinə 3-cü, 4-cü qüvvələrin regionda balansı pozmasına şərait yaradır. Ötən il də məhz İrəvanın bu destruktiv mövqeyi səbəbindən sülhlə bağlı itirilmiş il oldu.
Əslində 2024-cü ilə ümidlər böyük idi. Ötən ilin fevralından başlayaraq Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də xarici işlər nazirləri Almaniyada, Qazaxıstanda vasitəçisiz görüşlər keçirdilər. Bu təmaslar da göstərdi ki, tərəflər öz aralarında vasitəçisiz danışıq apararaq razılıq əldə edə bilərlər.
Almatıda “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsi də müəyyən ümidlər yaratdı.
Amma Ermənistan Qərbdəki havadarlarının diktəsi ilə vasitəçisiz görüşlərdən yayındı. Hətta COP29 iqlim konfransı da bir fürsət ola bilərdi. Ermənistan bu platformadan yayındı. Ermənistanın davranışlarına, yanaşmalarına baxdıqda aydın olur ki, bu ölkənin sülhlə bağlı mövqeyi imitasiyadır.
Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, "sülh fondu" adı altında silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu"nun Ermənistana dəstəyi İrəvanı yenidən revanşizmə həvəsləndirib. Bu günlərdə Prezident İlham Əliyev Rusiya KİV-nə müsahibəsində də bəyan etdi ki, Ermənistanın tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Dövlət başçımızın da söylədiyi kimi, “nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik”.
Belə olan halda Azərbaycanın adekvat tədbirlər görməsi təbiidir. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bununla bağlıdır.
Dövlət başçımız Ermənistana xəbərdarlıq edərək bildirib ki, Azərbaycan, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Yəni, “onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək”.
Nigar Məmmədova,
Milli Məclisin deputatı