Bir həftədən sonra Donald Trampın Vaşinqtonda inauqurasiya mərasimi keçiriləcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, seçilmiş prezidentin komandası bu məqsəd üçün sponsorlardan artıq 200 milyon dollar toplaya bilib.
“The Independent” yazır ki, inauqurasiya şərəfinə Vaşinqtonda ən böyük partilərdən birini Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj təşkil edəcək.
İlon Mask və daha 400 siyasətçi və iş adamı iştirak üçün dəvət olunub. Amma bütün dünya Donald Trampın prezident kimi ilk rəsmi qərarlarını da gözləyir.
Prezident Tramp vəzifəsinin ilk günündə səhiyyə, təhsil, sərhəd təhlükəsizliyi və immiqrasiya siyasətini əhatə edən 100-dən çox sərəncam imzalamağı planlaşdırır. Lakin bütün dünyanı maraqlandıran başqa məsələlərdir. Panama kanalı ilə bağlı əmr veriləcəkmi? Danimarka ilə Qrenlandiya uğrunda müharibə neçə saat davam edəcək? Kanada Amerikanın bir ştatına çevriləcəkmi? Hər üç halda cavabın "yox" olma ehtimalı var, lakin gözləntilər var.