13 yanvar 2025 16:19
165

Real Ermənistanın gələcək acınacaqlı mənzərəsini təsəvvür etmək çətin deyil - DEPUTAT

Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ildə yeni gündəm yaratmağa can atır. O, indi də “Real Ermənistan” qondarma ideologiyasını ortaya ataraq, real sülhdən yayınmaq niyyədi güdür. Bu dırnaqarası ideologiyanın əsas prioritetinin guya sülh olduğuna inandırmağa çalışan Paşinyan ölkəsinin müdafiə sahəsində artıq yeni konsepsiyanın əlamətlərinin göründüyünü açılayıb.

Müdafiə sahəsində isə biz Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik. Real Ermənistan revanşizm, sülhdən daha çox müharibəyə hazırlaşmaqdırsa, o zaman bu, region üçün yeni fəlakət deməkdir.  “Mən sülh prosesini özüm üçün prioritet, lokomotiv proqram hesab edirəm” deyən Paşinyan nədənsə sülh haqqında yalnız sözdə danışır. Əməldə bunun əksini görürük.

Son 4 ilin mənzərəsi isə onu deməyə əsas verir ki, Real Ermənistan əslində Konstitusiyasını dəyişən, Minsk Qrupunun ləğvini dəstəkləyən, eyni zamanda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışını qəbul edən bir konsepsiya olmalıdır. Yalnız belə olan halda regionda dayanıqlı sülh və təhlükəsizlikdən söhbət gedə bilər.

Doğrudur, Paşinyanın mətbuat katibi ölkəsinin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmə ehtimalını nəzərdən keçirdiyini bildirib. Amma yenə də burada sözə yox, konkret əmələ ehtiyac var. Rəsmi Bakının mövqeyi aydındır - Minsk Qrupu gec-tez tarixə çevrilməlidir. Çünki bu, artıq fəaliyyətsiz bir qurumdur və bu vaxta qədərki  missiyası da uğursuzluqla yadda qalıb. 

“Real Ermənistan” konsepsiyasından danışdığı bir vaxta Ermənistanın baş naziri Avropa İttifaqına üzvlüklə bağlı da fəaliyyətə keçib. Belə ki, hökumət Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir. Təbii ki, bu, Ermənistanın Aİ-yə üzvlüyü anlamına gəlmir, amma  Moskva ilə münasibətlərin pik həddə qədər gərginləşəcəyi labüddür. Belə olacağı təqdirdə 2025-2026-cı illərdə Ermənistan iqtisadiyyatının hansı həddə enəcəyini proqnoz etmək çətin deyil.

Könül Nurullayeva,
Milli Məclisin deputatı