Koqnitiv müharibələrdən qorunmanın ən səmərəli üsulu milli-mənəvi dəyərləri özündə ehtiva edən milli koqnitiv müdafiə düşüncə tərzinin formalaşdırılmasıdır
Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “İdrak savaşlarının (Koqnitiv müharibələr) təzahürləri və fəsadları” adlı məqalə hazırlayıb.
“İki sahil” məqaləni təqdim edir.
Hipnoz insan beyninə təsirin praktiki, görünən vasitə və metodu kimi çox qədim zamanlardan mövcuddur. Müasir dövrün, hətta gələcəyin İdrak savaşları - Koqnitiv müharibələr isə insan beyninin, zehnimizin gizli, gözlə görünməyən düşməni olan texnohipnozdur. Bu, Azərbaycanın bir zərb-məsəlində deyildiyi kimi “pambıqla baş kəsməyə” bənzəyir.
İdrak əməliyyatlarının fəsadlarının daxili aləmimizə, düşüncələrimizə sirayət etdiyini, bizləri təsiri altına saldığını anlayanda artıq gec olur. Bizi “tərəqqinin hipnozuna” salanlar məqsədinə nail olmayınca, bəzən hətta istədiyinə nail olandan sonra da hiss etmirik. İdrak savaşlarının uğur qazanmasını isə texnoloji tərəqqi, informasiya manipulyasiyaları təmin edir.
Zəka uğrunda savaşlar artıq boş xəyal deyil, müasir dünyanın reallığı, ən böyük çağırış və təhdidlərindəndir. İnsan beyinlərinə təsir etməyə hesablanmış xüsusi layihələr uşaqların və gənclərin tərbiyəsinə daha həssaslıqla yanaşmanı tələb edir. Psixoloji əməliyyatlar, insan zehni ilə manipulyasiyalar bir növ həkimin təyin etdiyi bağlı kapsul şəklində olan həblər kimidir. Biz ancaq qabığı, bağlamanı görürük, içində nə olduğundan bixəbərik, yaxud təlimatda nə yazılıbsa onu oxuyub, agah oluruq. Ancaq tədricən də olsa, gec-tez İdrak savaşlarının psixoloji mexanizmlərinin təsirini mütləq hiss edirik.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, yeni texnologiyaların inkişafı, kompüter proqramlarının ildən-ilə təkmilləşdirilməsi, süni intellektin və neyroşəbəkənin geniş tətbiqi zamanla insan idrakına, psixologiyasına təsir imkanlarının sərhədlərini təsəvvür edə bilməyəcəyimiz dərəcədə genişləndirir.
Hegemon güclərin, dünya miqyaslı siyasi aktorların dəstəyi ilə mətbuat və qlobal internet şəbəkəsi üzərindən aparılan, lakin ilk baxışdan ziyansız görünən təbliğat sayəsində maraq dairəsində olan xalqın milli-mənəvi dəyərləri silinir və uydurma dəyərlərlə əvəz olunur. Doğru xəbərlərlə yanaşı, sistematik olaraq o qədər təhrif edilmiş məlumatlar yayılır ki, zaman keçdikcə insanlar nəyin doğru, nəyin yalan olduğunu seçməkdə çətinlik çəkirlər. Müəyyən müddətdən sonra bu təsirlərə məruz qalan insanlar hətta doğru olan, rəsmi təsdiqi tapmış məlumata belə şübhə ilə yanaşır, oxuduğunun içində mütləq nə isə “şübhəli məqamlar” axtarır. Nəticədə təsir obyekti olaraq seçilmiş insan təbəqəsinin daxilində çaşqınlıq, inamsızlıq, etibarsızlıq dərin köklər salır. Zaman keçdikcə böyüməkdə olan nəslin zehni və psixologiyası ilə istənilən səviyyədə asan manipulyasiya edilməsinə zəmin yaranır.
Xəstəliklərdən və virus epidemiyalarından da ictimai-sosial psixoloji təsir metodu olaraq geniş istifadə edilir. Bunlara misal olaraq koronovirus pandemiyası dövründə həyata keçirilən informasiya hücum əməliyyatlarını göstərmək olar. Düşünürük ki, zaman keçdikcə bu metodların təsirini öz üzərində hiss edən insanlar nə demək istədiyimizi aydın anlayacaq.
Bununla bağlı diqqət çəkmək istədiyimiz daha bir məqam isə son vaxtlar geniş yayılmış tarixi mövzularda çəkilən filmləri göstərmək olar. Artıq bu tip filmlər faktlara söykənərək deyil, yaradıcı kollektivin xəyal məhsulu olaraq lentə alınır. Bir tarixi fakt və ya tarixi qəhrəman tamamilə fərqli rakurslarda təqdim edilir ki, artıq həmin qəhrəmanın, yaxud da tarixi hadisənin həqiqət olub-olmadığına şübhə yaranır. Beləliklə, insanlar arasına inamsızlıq toxumları səpələnir və nəticə olaraq xalq öz tarixi köklərindən qoparaq uzaqlaşır. Hesab edirik ki, bu məqama xüsusi diqqət yetirilməlidir.
Tarix boyu insanlar təklikdə, yaxud toplumlar halında maraqların təmin edilməsi naminə qanlı savaşlar aparıblar. Ənənəvi döyüş əməliyyatları zamanı tərəflər savaş meydanında daha çox bir-birini fiziki cəhətdən məhv etməklə qələbəyə nail olurdular. İnformasiya texnologiyalarının inkişafı sayəsində isə hazırda savaşların fərqli, heç bir etik-mənəvi qanunlara sığmayan, hüquqi normativlərə məhəl qoymayan yeni forma və metodları meydana gəlir. Sülh, təhlükəsizlik, insanların rifah halının daha da yaxşılaşmasına xidmət üçün yaradılmış yeniliklərin, eyni zamanda, hərb elmində də geniş tətbiqi gərəkli vasitə kimi artıq zamanın tələbi və diktəsi olaraq böyük canfəşanlıqla təbliğ edilir, insanların zehninə yeridilir. İdrak savaşları üçün psixoloji əməliyyatlar hazırlayan mərkəzlər açıq şəkildə informasiya manipulyasiyaları vasitəsilə insanların beyinlərinə yeridir ki, qarşı tərəfi məğlub edərək maraqları təmin etmək üçün bütün metod və vasitələr keçərlidir, mənəviyyat ikinci plandadır, əsas odur nəticə olsun.
Bütün döyüş əməliyyatları kimi, İdrak savaşlarının da strateji və əməliyyat məqsədləri, müxtəlif mərhələləri, fərqli icra texnologiyaları mövcuddur. Müasir dövrdə bu növ döyüş əməliyyatları müharibə elan edilmədən həyata keçirilsə də, nəticələri dərhal özünü büruzə vermir. Zamanla geri dönüşü mümkün olmayan təsir göstərməklə, təsəvvürə sığmayan, dağıdıcı fəsadlara gətirib çıxarır.
Klassik müharibələrdə hər şey aydın idi - qarşıya qoyulan məqsədlərə nail olmaq, düşməni döyüş meydanında məğlubiyyətə uğratmaq. Koqnitiv müharibələr zamanı isə tam fərqli olaraq, insanları ayaqda tutan, düzgün qərarlar verməyə sövq edən əsasların məhv edilməsini, arzu olunan zəruri düşüncə və davranış tərzlərini təmin etmək üçün onların şüuruna, düşüncələrinə, zehninə təsir etmək üsulları “döyüş meydanına yeridilir”.
Bildiyimiz kimi, insan resurslarını, ordunu, texnikanı və zədələnmiş infrastrukturu qısa zamanda bərpa etmək mümkündür. Lakin İdrak savaşları nəticəsində insan beyninin aldığı xəsarətləri, dünyagörüşünün mənfi istiqamətdə təkamülünü geri qaytarmaq, bərpa etmək əsla mümkün deyil. Ən faciəli hal da odur ki, bu savaşların qurbanları zaman keçdikcə artıq özlərini tam haqlı hesab edir və düşdükləri girdabdan çıxmaq, ziyanlı yoldan dönmək istəmirlər, yaxud da bacarmırlar, bu da bədii filmlər, seriallar, əyləncəli proqramlar, “fantastik” imkanlar vəd edən mərc yarışları, kompüter oyunları, cizgi filmləri vasitəsilə beyinlərə yeridilən sublematik mesajların fəsadlarıdır. Bu formada icra edilən psixoloji əməliyyatların kütləviliyi rəqib seçilən dövlətin daxildən darmadağın edilməsinə, insanların milli-mənəvi dəyərlərinin və dünyagörüşünün zərərli ünsürlərlə əvəz edilməsinə, cəmiyyətdə etirazların yüksəlməsinə, xalqların düşmən “cəbhələrə” parçalanmasına və misilsiz çaşqınlıq yaradılmasına imkan verir. Belə əməliyyatları planlaşdıranlar başqasıdırsa, yadlardırsa, döyüş meydanında eyni toplumun insanları düşmən olaraq özü ilə savaşmaq məcburiyyətində qalacaq.
Ustalıqla təşkil edilmiş belə əməliyyatlar sayəsində rəqib ölkənin daxilinə ordu qüvvələri yeritmədən, xüsusi təyinatlı əməliyyatlar planlaşdırılmadan, sadəcə, ölkənin daxilindəki müəyyən narazı, eləcə də manipulyasiyaya asan uğradıla bilən qüvvələri istiqamətləndirməklə niyyətə çatmaq və qələbə əldə etmək mümkündür. Hətta “yumşaq güc tətbiqi” adlandırılan psixoloji əməliyyatlar sayəsində maraq dairəsində olan sabitlik hökm sürən istənilən ölkədə belə qısa müddət ərzində narazı, etirazçı, müxalif təbəqənin yaradılması və istənilən hərəkətlərə təhrik edilməsi də mümkündür. Buna son bir neçə il ərzində koqnitiv müharibə əməliyyatları, psixoloji əməliyyatlar, hibrid müharibələr sayəsində mümkün olmuş “Ərəb baharı” və uğursuzluqla nəticələnən “Narıncı inqilab” kimi dünyada baş verən bəzi silahlı münaqişələri misal göstərmək yetərlidir.
Qarşıdurmanı düşmənin simvolik meydanına, yəni, əhalinin beyinlərinə, qəlblərinə köçürməklə insanların müqavimət iradəsini qırmaq, çaxnaşma salmaq və dünyanın dəyərlər mənzərəsini məqsədlərə uyğun yenidən formalaşdırmaq - müasir xüsusi əməliyyat mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən bəziləri, ən sadələri məhz bu sadaladıqlarımızdır.
Ortamüddətli perspektivdə bu tip savaşların planı ölkə vətəndaşlarının davranış normalarına təsir etməklə, hakimiyyətə inamı sarsıtmaqla, cəmiyyəti parçalamaqla, əhali arasında çaşqınlıq yaratmaqla qısa müddət ərzində qarşıya qoyulmuş hədlərə çatmağı, məqsədlərə nail olmağı nəzərdə tutur. Bunun üçün informasiya və psixoemosional komponentlərin istifadəsi biliklərin, faktların və məlumatların məzmununun dəyişdirilməsini nəzərdə tutur. Dezinformasiya və anlayışların dəyişdirilməsinin əsas istiqamətləri və vasitələri xəbərlərin, analitik-sosioloji məlumatların, ali təhsil müəssisələrində, məktəblərdə təlim proqramlarının və gənclərin müstəqil həyatda maraq dairəsinin daim nəzarətdə saxlanmasını özündə ehtiva edir. Məhz bu amillər nəzərə alınaraq əməliyyat planları hazırlanır, psixoemosional komponentlər seçilir. Tətbiq edilən həmin komponentlərin təsirli olması üçün şüurun, əhvali-ruhiyyənin və duyğuların manipulyasiyasından geniş istifadə edilir.
Düzdür, tarixdə baş vermiş, klassik müharibələr zamanı da düşmənə psixoloji təsir etmək üçün müəyyən addımlar atılıb. Lakin bütün bu vasitələr əsasən qısa dövr və döyüşün getdiyi zaman çərçivəsində icra edilib. “İdrak savaşı” əməliyyatları isə uzunmüddətli perspektivlər nəzərdə tutularaq həyata keçirilməklə böyük bir zaman kəsiyini, hətta böyüməkdə olan bir nəsli belə əhatə edə bilir. Psixoloji əməliyyat anlayışları, onun icra mexanizmi və vasitələri əsaslı şəkildə XX əsrdə meydana sürülüb və geniş tətbiq edilməyə başlanıb. Müxtəlif nəşrlər, çap məhsulları, bədii və cizgi filmləri, rəsm əsərləri, komikslər, ədəbi-bədii əsərlərdən bu məqsədlər üçün son 100 il ərzində geniş istifadə olunurdu.
İdrak savaşları dövləti və cəmiyyəti ayaqda tutan insanların beynini, zehnini zəhərləyən gizli düşmənidir. Hesab edirik ki, bu istiqamətdə daha böyük işlər görülməli, daha qəti addımlar atılmalıdır.
Koqnitiv müharibələrdən qorunmanın ən səmərəli üsulu milli-mənəvi dəyərləri özündə ehtiva edən milli koqnitiv müdafiə düşüncə tərzinin formalaşdırılmasıdır. Bu məqsədlə uzun illərə, eləcə də ortamüddətli perspektivlərə hesablanmış islahatlar həyata keçirilməli, insanlarımızın yad ünsürlərdən qorunması naminə daha böyük və səmərəli layihələr icra olunmalıdır.